Psixoloq-pedaqoq, “Nur” Psixologiya və Tədris Mərkəzinin rəhbəri, “Psixoloqun çətin uşaqlarla işinin təşkili” kitabının müəllifi Nuranə Hüseynova valideyn-övlad münasibətlərində emosional bağ, qarşılıqlı etimad, şəxsi sərhədlər və uşağın müstəqil şəxsiyyət kimi formalaşması haqqında müsahibə verib.

-Valideynlər bəzən övladlarının gələcəyini düşündükləri üçün onların əvəzinə qərarlar verirlər. Bəs valideynin uşağı qorumaq istəyi ilə onun şəxsi seçimlərinə müdaxilə etməsi arasındakı sərhəd haradan keçir? Uşağın öz fikrini ifadə etməsinə nə dərəcədə imkan yaradılmalıdır?

-İlk növbədə qeyd etmək istərdim ki, valideynin əsas vəzifəsi övladının həyatını onun əvəzinə yaşamaq deyil, onu müstəqil həyata hazırlamaqdır.

İnkişaf psixologiyası baxımından uşağın şəxsiyyət kimi formalaşmasında müstəqillik, özünüifadə və qərarvermə bacarıqları mühüm əhəmiyyət daşıyır. Valideynin qoruyucu mövqeyi uşağın fiziki və psixoloji təhlükəsizliyini təmin etməyə yönəlməlidir. Lakin bu qoruma uşağın yaşına və inkişaf səviyyəsinə uyğun seçim imkanlarını davamlı məhdudlaşdırırsa, artıq həddindən artıq nəzarətə çevrilə bilər.

Burada əsas meyar uşağın yaşı, psixoloji yetkinliyi və verilən qərarın mümkün nəticələridir. Uşağın təhlükəsizliyinə aid məsələlərdə valideynin məsuliyyəti üstünlük təşkil edir. Gündəlik seçimlərdə isə uşağa alternativləri dəyərləndirmək və qərarının nəticələrini anlamaq imkanı yaradılmalıdır.

Psixologiyada avtonomiya, yəni şəxsin öz seçimlərini etmək və davranışlarını müəyyən dərəcədə idarə etmək bacarığı, sağlam psixoloji inkişafın mühüm tərkib hissələrindən hesab olunur.

Unutmamalıyıq ki, daim başqalarının qərarları ilə böyüyən uşaq gələcəkdə öz qərarlarına güvənməkdə çətinlik çəkə bilər.

Valideyn övladını bütün səhvlərdən qorumağa çalışarkən, bəzən onun həyatın çətinlikləri ilə müstəqil mübarizə aparmaq bacarığının inkişafını da məhdudlaşdıra bilər.

-Valideyn övladının dost seçimlərinə və şəxsi həyatına nə dərəcədə müdaxilə etməlidir?

-Uşağın sosial münasibətləri onun emosional, kommunikativ və şəxsiyyət inkişafında mühüm rol oynayır. Xüsusilə yeniyetməlik dövründə həmyaşıdlarla münasibətlər mənsubiyyət hissinin və şəxsi kimliyin formalaşmasına təsir göstərir.

Valideynin övladının dost çevrəsi ilə maraqlanması təbiidir və müəyyən hallarda zəruridir. Lakin burada maraqlanmaqla şəxsi sərhədləri pozmaq arasında fərq qoyulmalıdır.

Dost seçimlərinə davamlı qadağalar qoymaq, uşağın şəxsi yazışmalarını əsassız şəkildə yoxlamaq, onun münasibətlərini alçaldıcı ifadələrlə qiymətləndirmək valideyn-övlad münasibətlərində etimadı zəiflədə bilər.

Valideyn övladının kimlə dostluq etdiyini bilməklə yanaşı, həmin münasibətdə özünü necə hiss etdiyini də öyrənməlidir. Çünki əsas məsələ yalnız dostun kimliyi deyil, həmin münasibətin uşağın psixoloji rifahına necə təsir etməsidir.

Əgər münasibətlərdə zorakılıq, istismar, ciddi təzyiq və ya digər təhlükəsizlik riskləri mövcuddursa, valideynin yaşa və riskə uyğun müdaxiləsi vacibdir.

Sağlam valideyn nəzarəti uşağı hər addımda izləmək deyil, onun təhlükə ilə sağlam münasibəti bir-birindən ayırmağı öyrənməsinə kömək etməkdir.

-Uşağın yaşadığı problemi valideyninə danışa bilməməsinin əsas səbəbləri nədir?

Psixoloji baxımdan uşağın yaşadığı problemi valideynindən gizlətməsi hər zaman etimadsızlıq və ya itaətsizlik göstəricisi deyil. Bunun arxasında müxtəlif emosional və münasibət amilləri dayana bilər.

Ən çox rast gəlinən səbəblərdən biri uşağın valideynin reaksiyasından ehtiyat etməsidir. Uşaq düşünə bilər ki, problemini danışdıqda danlanacaq, cəzalandırılacaq, müqayisə ediləcək və ya hissləri əhəmiyyətsiz hesab olunacaq.

Digər mühüm amil emosional təhlükəsizlik hissidir. Əgər uşaq əvvəlki təcrübələrində anlaşılmadığını, mühakimə olunduğunu və ya fikirlərinin dinlənilmədiyini hiss edibsə, gələcəkdə problemlərini bölüşməkdən çəkinə bilər.

Bağlanma nəzəriyyəsi baxımından uşağın ehtiyac duyduğu məqamlarda valideynindən həssas və ardıcıl emosional cavab alması təhlükəsizlik və etimad hissinin inkişafını dəstəkləyir.

Bununla yanaşı, yeniyetmənin şəxsi məkan ehtiyacı, utanc hissi və bəzi problemləri özü həll etmək istəyi də nəzərə alınmalıdır. Hər susqunluğu ailədaxili münasibətlərin pozulması kimi qiymətləndirmək düzgün olmaz.

Valideynlərə vacib bir məqamı xatırlatmaq istərdim: Uşaq danışanda ilk reaksiyanız onun növbəti dəfə sizə müraciət edib-etməyəcəyinə təsir göstərə bilər.

Bəzən valideyn problemin həllinə o qədər tələsir ki, uşağın ilk növbədə anlaşılmağa ehtiyac duyduğunu nəzərdən qaçırır.

-Valideyn və uşaq arasında yaranan emosional məsafəni aradan qaldırmaq mümkündürmü?

Bəli, bir çox hallarda emosional məsafəni azaltmaq və münasibətlərdə etimadı yenidən formalaşdırmaq mümkündür. Lakin bu proses yalnız valideynin münasibətləri düzəltmək istəyi ilə deyil, davranışlarında ardıcıl dəyişiklik etməsi ilə bağlıdır.

Emosional məsafə bəzən uzun müddət davam edən anlaşılmazlıqlar, sərt tərbiyə üsulları, həddindən artıq tənqid, emosional ehtiyacların qarşılanmaması və ya ailədaxili münaqişələr nəticəsində formalaşır.

Münasibətlərin bərpasında ilk addım günahkar axtarmaq deyil, mövcud ünsiyyət modelini anlamaqdır.

Valideyn övladının hisslərini müdafiə mövqeyinə keçmədən dinləməyi, keçmiş davranışlarının təsirini qəbul etməyi və onun şəxsi sərhədlərinə hörmət göstərməyi bacarmalıdır.

Ailə psixologiyasında emosional yaxınlığın bərpası üçün etibarlı ünsiyyət, qarşılıqlı hörmət, emosional həssaslıq və davranışların ardıcıllığı mühüm hesab olunur.

Bəzi hallarda ailə konsultasiyası və ya ailə terapiyası münasibətlərdə təkrarlanan mənfi ünsiyyət nümunələrinin müəyyənləşdirilməsinə və dəyişdirilməsinə kömək edə bilər.

Lakin münasibətin bərpası üçün övladı dərhal yaxınlıq göstərməyə məcbur etmək düzgün deyil. Etimadın yenidən qurulması zaman tələb edə bilər.

Unutmayaq, emosional yaxınlıq qohumluq bağı ilə avtomatik təmin olunmur. O, münasibətdə yaradılan təhlükəsizlik, anlayış və etimad sayəsində möhkəmlənir.

-Bəzi uşaqlar böyüdükdən sonra belə valideynlərinin yanında özlərini rahat ifadə edə bilmirlər. Bunun səbəbi nə ola bilər?

Bu məsələni yalnız uşaqlıq dövrünün xatirələri ilə deyil, insanın inkişaf prosesində formalaşan emosional təcrübələri və ailədaxili münasibət modelləri ilə əlaqəli şəkildə qiymətləndirmək lazımdır.

Əgər insan uşaqlıqdan etibarən fikirlərinə görə davamlı tənqid edilibsə, hisslərini ifadə etməsi məhdudlaşdırılıbsa və ya sevgini yalnız müəyyən gözləntilərə cavab verdikdə hiss edibsə, böyüdükdən sonra da valideynlərinin yanında özünü sərbəst ifadə etməkdə çətinlik çəkə bilər.

Psixoloji baxımdan belə hallarda insanın daxilində mənfi qiymətləndirilmə qorxusu, günahkarlıq hissi, təsdiqlənmə ehtiyacı və münaqişədən yayınma meyli formalaşa bilər.

Məsələn, artıq müstəqil həyat quran bir şəxs valideyninin narazılığından ehtiyat etdiyi üçün öz qərarını bildirməkdən çəkinə bilər. Bu, onun mütləq zəif xarakterli olması demək deyil. Bəzən bu davranış uzun müddət ərzində mənimsənilmiş münasibət modelinin davamıdır.

Lakin hər bir hal fərdi qiymətləndirilməlidir. Temperament xüsusiyyətləri, ailənin mədəni dəyərləri, hazırkı münasibətlərin keyfiyyəti və şəxsin fərdi təcrübələri də burada rol oynaya bilər.

Psixoloji dəstək prosesində insanın öz hisslərini tanıması, şəxsi sərhədlərini müəyyənləşdirməsi, günahkarlıq hissini sağlam şəkildə idarə etməsi və özünü daha inamlı ifadə etməsi istiqamətində iş aparıla bilər.

Bir məqamı xüsusilə vurğulamaq istəyirəm: Övladın böyüməsi onun yaşının artmasıdır, lakin valideynin yanında özünü psixoloji cəhətdən sərbəst hiss etməsi münasibətlərin keyfiyyətindən də asılıdır.

Psixoloq yekun olaraq bildiib ki, valideyn-övlad münasibətlərində əsas məqsəd mütləq itaət edən uşaq yetişdirmək deyil, məsuliyyətli, özünü ifadə edə bilən, emosiyalarını tanıyan və sağlam qərarlar verməyi bacaran şəxsiyyətin formalaşmasına dəstək olmaqdır:

"Valideynin nüfuzu yalnız qoyduğu qaydalarla deyil, övladının ona duyduğu etimadla da müəyyən olunur.

Uşağın valideynindən qorxduğu üçün susması ilə ona güvəndiyi üçün danışması arasında böyük psixoloji fərq var. Sağlam ailə münasibətlərinin əsas göstəricilərindən biri məhz bu fərqdir".

Qeyd edək ki, Nuranə Hüseynova uşaq və yeniyetmə psixologiyası, valideyn-övlad münasibətləri, ailədaxili emosional bağlar, fərdi psixoloji konsultasiya, eləcə də ailə və cütlük terapiyası istiqamətlərində peşəkar fəaliyyət göstərir.