Apple şirkətinin 2027-ci ildə təqdim etməsi gözlənilən iPhone 20 Pro və Pro Max modellərində indiyədək ən böyük dizayn yeniliklərindən birinə imza atacağı bildirilir. Yeni seriyanın dörd tərəfdən əyri ekranı, fiziki hərəkət etməyən düymələri və A21 Pro prosessoru ilə fərqlənəcəyi gözlənilir.
QHT.az xarici mediaya istinadən bildirir ki, MacRumors tərəfindən hazırlanan hesabatda Apple-ın iPhone-un 20 illiyinə həsr olunan xüsusi modelləri üzərində çalışdığı qeyd edilib. Məlumata görə, iPhone 20 Pro və Pro Max modellərinin 2027-ci ilin sentyabrında təqdim olunması planlaşdırılır. Sızan məlumatlar yeni seriyanın iPhone X-in təqdimatından bəri şirkətin həyata keçirdiyi ən böyük vizual dəyişikliklərdən birini özündə birləşdirəcəyinə işarə edir.
Yeni modellərin əsas yeniliyi ekranın dörd kənarının da əyri formada hazırlanması olacaq. Bu dizaynın metal çərçivəni gizlədərək və ya minimuma endirərək cihazın əldə tutulduğu zaman demək olar ki, çərçivəsiz görünməsini təmin edəcəyi bildirilir.
Məlumata əsasən, standart Pro modelinin ekran ölçüsünün təxminən 6,41 düym, Pro Max modelinin ekranının isə 6,96 düym olacağı gözlənilir. Böyük modelin təxminən 7 düymlük ekran təcrübəsi təqdim edəcəyi ehtimal olunur.
Qeyd edək ki, bu məlumatlar hələlik yayılan hesabat və sızmalara əsaslanır. Apple şirkəti yeni modellərin texniki göstəriciləri və dizaynı ilə bağlı rəsmi açıqlama verməyib.










