“İqlim gündəliyi artıq ekologiya nazirliklərinin kabinetlərindən çıxaraq maliyyə və ticarət bazarlarının əsas oyun qaydalarını müəyyən edir. İqlim dəyişikliyi artıq sırf ekoloji gündəm deyil, müasir ticarət axınlarına, sənayenin rəqabət qabiliyyətinə və sosial bərabərsizlik səviyyəsinə birbaşa təsir göstərən makroiqtisadi faktordur”.

Bu fikirləri QHT.az-a açıqlamasında İnkişaf Sosial və İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sosial-iqtisadi məsələlər üzrə tədqiqatçı Gülnarə Quluzadə bildirib.

Onun sözlərinə görə, 9–20 noyabr 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən COP31 qlobal iqlim diplomatiyasında bəyannamələrdən real iqtisadi icraya keçidin həlledici sınaq meydanıdır:

“Tarixdə ilk dəfə Türkiyə və Avstraliyanın birgə sədrliyi ilə idarə olunan bu sammit həm sənaye iqtisadiyyatlarının, həm də iqlim həssaslığı yüksək olan ada dövlətlərinin maraqlarını vahid müstəvidə birləşdirir. Bakı (COP29) və Belem (COP30) sammitlərinin maliyyə və karbon bazarı qərarları Antalyada konkret investisiya alətlərinə çevrilir”.

Gülnarə Quluzadə qeyd edib ki, yeni iqtisadi reallıqda ağır sənayenin yaşıl transformasiyası xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqının Sərhəddə Karbon Tənzimləmə Mexanizmi (CBAM) kimi yeni ticarət baryerləri şəraitində ixrac bazarlarının qorunması üçün bu proses həyati əhəmiyyət kəsb edir.

“Eyni zamanda, dövlət büdcələrinin məhdudluğu fonunda özəl kapitalın cəlb edilməsinə əsaslanan qarışıq maliyyələşdirmə modelləri və əmək bazarında struktur işsizliyinin qarşısını almağa yönəlmiş ədalətli keçid mexanizmləri qlobal iqtisadi siyasətin mərkəzinə çıxır”, – deyə o vurğulayıb.

Tədqiqatçı Azərbaycanın COP31 çərçivəsində roluna da toxunub:

“COP29 irsinin daşıyıcısı kimi Azərbaycan da Antalyada regional enerji keçidinin aparıcı aktorlarından biri kimi çıxış edir. Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizinin texniki icrası üzrə aparılan danışıqlar ölkənin ənənəvi enerji ixracatçısından yaşıl enerji mərkəzinə çevrilmə strategiyasını möhkəmləndirir”.

Gülnarə Quluzadə bildirib ki, iyirmi illik tədqiqat və müşahidələri qlobal iqtisadi inkişafın yeni mərhələyə qədəm qoyduğunu göstərir:

“Qarşıdakı onillikdə qlobal iqtisadi artımın əsas hərəkətverici qüvvəsi ucuz karbohidrogen resursları deyil, aşağı karbonlu texnologiyalara çıxış və yaşıl maliyyə axınlarını cəlb etmək qabiliyyəti olacaq. İnkişaf etməkdə olan ölkələr üçün əsas strateji sınaq isə bu sənaye modernizasiyasını sosial rifahı sarsıtmadan həyata keçirməkdir”.