Qlobal səhiyyə sahəsində tanınmış amerikalı diplomat Mark Dybul növbəti dörd il ərzində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun rəhbəri vəzifəsini icra edəcək.

QHT.az xarici mediaya istinadən bildirir ki, Mark Dybul yenidən bu vəzifəyə təyin olunmasından məmnunluğunu ifadə edərək, əsas məqsədinin ölkələrin səhiyyə sahəsində müstəqilliyini və imkanlarını gücləndirmək olduğunu bildirib.

O qeyd edib ki, rəhbərliyə qayıtması yarımçıq qalmış işləri tamamlamaqla bağlı deyil. Onu bu vəzifəyə cəlb edən əsas məqam ölkələrin öz səhiyyə sistemlərini inkişaf etdirməsinə və xarici maliyyə dəstəyindən asılılığını azaltmasına kömək etmək imkanıdır.

Qeyd edək ki, Qlobal Fond dünyanın ən böyük beynəlxalq səhiyyə maliyyə qurumlarından biridir. Təşkilat hər il aşağı və orta gəlirli ölkələrə milyardlarla dollar vəsait ayıraraq QİÇS, vərəm və malyariya ilə mübarizəni dəstəkləyir.