3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslərin Müdafiəsi Günü münasibətilə “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov QHT.az-a açıqlamasında əlilliyi olan şəxslərin sənət və yaradıcılıq sahələrinə inteqrasiya imkanlarının genişləndirilməsi üçün dünyada tətbiq edilən müasir dəstək modellərinin Azərbaycanda da daha geniş şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Qubad Qasımov bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə inklüziv yaradıcılıq mühiti xüsusi proqramlar və dövlət dəstəyi ilə formalaşdırılır və bu təcrübələr Azərbaycanda da tətbiq oluna bilər:
"İnklüziv təhsil və yaradıcılıq proqramlarının regionlarda tam tətbiqi, sənət məktəblərində əlilliyi olan şəxslər üçün inklüziv kursların təşkili və müəllimlərin inklüziya üzrə təlimləndirilməsi vacib addımlardandır. Master-klaslar, burada müxtəlif bacarıqlara malik insanlar birgə yaradırlar - bu həm sosial inteqrasiyanı, həm də bacarıq paylaşımını artırır. Əlilliyi olan yaradıcı şəxslər üçün xüsusi iş kvotalarını artırmaq, Peşəkar rəssam və ya musiqiçinin rəhbərliyi ilə uzunmüddətli işlərin aparılması, Əlçatan Yaradıcılıq Məkanları, Əlilliyi olan şəxslərin sənət və mədəniyyət sektoru üzrə işlə təminatı üçün, Qalereyalarda, teatrda, muzeydə inklüziv iş yerləri, Əlilliyi olan sənətçilərin işlərini satmağa yardım edən inklüziv onlayn platformaları yaratmaq, Əlilliyi olan sənətçilər üçün ayrıca yaradıcılıq qrantlarına onların özlərini layihə rəhbəri kimi cəlb etmək, Dövlət və bələdiyyə mədəniyyət fondlarında inklüziv layihələr üçün ayrıca qrantların ayrılması, İnklüziv festivallar, sərgilər mühüm sosial təsir yarada bilər".
QHT sədri vurğulayıb ki, bu model bütün regionlarda tətbiq olunsa, cəmiyyətin əlilliyi olan istedadlı insanlara münasibətində müsbət dəyişikliklər baş verəcək:
“Bu dəstək modellərini Azərbaycanın bütün bölgələrində tətbiq edə bilsək, həm istedadların üzə çıxmasına, həm də cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı baxışın dəyişməsinə nail ola bilərik.”
Pərvanə Fərhadqızı






