"Bütün dünyada hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü qeyd olunur. Bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Bu günün məqsədi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir".
QHT.az xəbər verir ki, bu sözləri “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyinin sədri Namiq Nəcəfov bildirib. Onun sözlərinə görə, Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulub:
"Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslıi tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. “Oriqami ” uşaq və yeniyetmələr ictimai birliyi Bakı şəhəri Sabunçu rayonu Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yaşayan əqli və fiziki qüsurlu 6-17 yaşlı fərdlərin hüquqlarının qorunması və psixo-sosial inkişafı istiqamətində fəaliyyət göstərilir. Bu məqsədlə, ictimai birlik tərəfindən Maştağa qəsəbəsində Vüqar Hüseynov küc., giriş 16. ünvanında 6-17 yaşlı xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrə asudə vaxtın məzmunlu və səmərəli təşkili, inklüziv təhsil, intellektual inkişaf, sağlam həyat tərzi sahəsində xidmətlər göstərilir".






