“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihənin icrasını yekunlaşdırır.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə birgə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

Layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün  geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərini formalaşdırılması olub.

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən işğaldan azad olunmuş ərazilərdə yeni tikilən və ya bərpa olunan şəhər və kəndlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçmiş məcburi köçkünlərin daimi yaşamaq üçün geri qayıdışı təşkil edilir. Bu insanlar mütləq partlayış riskləri və təhlükə hiss etdikdə hansı dövlət orqanlarına necə müraciət edəcəkləri barədə məlumatlandırılmalı, onlarda ehtiyatlı davranış vərdişləri formalaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, bu insanların çox böyük əksəriyyəti işğal müddətində ölkənin müxtəlif regionlarında məskunlaşdıqları yerlərdə bu təhlükə ilə rastlaşmadıqlarından ilk dəfə belə maarifləndirmə proqramlarına cəlb olunurdular.  

Maarifləndirmə tədbirlərində Kəlbəcər, Şuşa, Cəbrayıl, Xocavənd şəhərlərində, Laçın rayonunun Bəylik, Sus, Zabux kəndlərində, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində və Xanoba kəndində və Zəngilan rayonunun Ağalı kəndində geri qayıtmış keçmiş məcburi köçkünlər, müəllimlər, şagirdlər, FHN və polis əməkdaşları, otel tikintisində çalışan mühəndis və fəhlələr iştirak etmişdir. Bundan başqa bütün tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin və bu rayonlarda fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin əməkdaşları da iştirak etmişlər. Ümumilikdə maarifləndirmə tədbirlərində 691 nəfər iştirak etmişdir. Bütün iştirakçılara layihə çərçivəsində hazırlanmış buklet verilib.

Layihə rəhbəri tədbir iştirakçılarına layihə və onun donorları, ölkəmizdə minaların yaratdığı problemlər, mina təmizləmə  əməliyyatları və mina qurbanları barədə, təlimçilər tərəfindən isə minaların növləri, tələ və sürpriz minalar, partlamamış hərbi sursatlar, onların yaratdığı təhlükələr, təhlükəli ərazilərin əlamətləri, şübhəli əşya aşkarlandıqda düzgün davranış qaydaları və aidiyyəti qurumların məlumatlandırılması, təhlükəsiz davranış vərdişlərinin əsasları barədə ətraflı məlumat verilmişdir. Bütün tədbirlərin sonunda iştirakçıların sualları cavablandırılıb.