Qida tullantılarından səmərəli istifadə bir çox ölkələrdə artıq uğurlu biznes sahəsinə çevrilsə də, Azərbaycanda bu istiqamətdə vəziyyət hələ də qənaətbəxş deyil.
Bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkədə vaxtı keçmiş qida məhsullarının mərkəzləşdirilmiş şəkildə yığılması və təkrar emalı istiqamətində sistemli fəaliyyət yoxdur:
“Vaxtı keçmiş qida maddələri dükanlardan yığışdırılır, distribüterə qaytarılır, o da istehsalçıya verir. Lakin çox zaman istehsalçı həmin məhsulların üzərindəki vaxtı dəyişib, yenidən satışa göndərir. Bu isə ciddi problemdir. Təəssüf ki, bu sahədə hələ də vahid mexanizm formalaşmayıb.”
Eyyub Hüseynov qeyd edib ki, bu məsələ illərdir müzakirə olunsa da, praktik addımlar atılmır:
“Üç il öncə Texniki Universitetdə keçirilən konfransda Türkiyədən gələn mütəxəssislər bu mövzunu gündəmə gətirmişdilər. Amma söhbətlər yalnız nəzəri səviyyədə qaldı, real fəaliyyət müşahidə olunmadı. Təşkilat həyata keçirdiyi layihələr çərçivəsində Qərb bölgəsində qida tullantılarından kompost – gübrə hazırlanması ilə bağlı maarifləndirmə işləri aparıb və bu, əhali arasında maraq doğurub. Kompost hazırlanması ilə bağlı müəyyən irəliləyişlər var, lakin qida tullantılarının dərman və ya digər məqsədlərlə istifadəsi istiqamətində məlumat və təşəbbüslər yoxdur. Əslində bu məsələ düzgün həll olunsa, həm ekoloji, həm də iqtisadi baxımdan böyük fayda gətirə bilər.”
Eyyub Hüseynov hesab edir ki, qida tullantılarının toplanması və təkrar emalı üzrə dövlət səviyyəsində mexanizm yaradılmalı, bu sahə həm ekoloji, həm də iqtisadi baxımdan səmərəli biznes istiqamətinə çevrilməlidir.
Pərvanə Fərhadqızı






