Azərbaycan su ehtiyatları baxımından asılı və həssas bir regionda yerləşir. Kür və Araz kimi transsərhəd çaylardan asılılığımız və getdikcə artan quraqlıq riski su təhlükəsizliyini ölkəmizin ən vacib iqtisadi məsələlərindən birinə çevirir. Yağış suları adətən sadəcə "tullantı" kimi görünsə də, əslində bu suların səmərəli idarə olunması hər birimizin büdcəsinə və ölkə iqtisadiyyatına birbaşa təsir edən gizli bir iqtisadi mənbədir.


Biz evlərimizdə və müəssisələrimizdə bir çox texniki işlər üçün (avtomobil yuma, tualet yuma, suvarma) içməli su şəbəkəsindən istifadə edirik. Halbuki, bu işlərin əksəriyyəti üçün yüksək keyfiyyətli içməli suya ehtiyac yoxdur. Bu məqsədlər üçün damlardan toplanan və sadə filtrlərdən keçirilən yağış suyu istifadə edilə bilər.
 

Mütəxəssislər hesab edirlər ki, yağış sularının təkrar istifadəsi ilə biz şəhərlərdə içməli su şəbəkəsinə olan tələbatı 30% və ya daha çox azalda bilərik. Bu, həm mərkəzləşdirilmiş su təchizatı xərclərini, həm də uzun müddətdə bizim şəxsi su ödənişlərimizi azaltmağa kömək edir.
 

Bakı, Sumqayıt və Gəncə kimi sürətlə betonlaşan şəhərlərdə yağış suları torpağa hopmaq əvəzinə beton səthlərdən axır və mövcud drenaj sistemini iflic edir. Nəticə etibarı ilə küçələr su altında qalır, yollar dağılır və avtomobillərə ziyan dəyir. yağış suları düzgün idarə olunsa, mövcud kanalizasiya xətlərinin yüklənməsi azalır. 
 

Yağış sularının idarə olunması üçün istifadə edilən "Yaşıl İnfrastruktur" (məsələn, keçirici səkilər, yeraltı anbarlar) seli yavaşladır və suyun bir hissəsini yerindəcə saxlayır. Bu, daşqınların yaratdığı milyonlarla manat dəyərində olan təmir və bərpa xərclərinin qarşısını alır.
 

Azərbaycan iqtisadiyyatı üçün kənd təsərrüfatı strateji əhəmiyyətə malikdir. 2024-cü il statistikasına əsasən ÜDM-in 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payına düşüb.  Quraqlıq dövründə su çatışmazlığı fermerlərə ciddi ziyan vurur. Kənd təsərrüfatında tikilən sadə su yığımı sistemləri (kiçik su anbarları, göllər) quraqlıq dövründə məhsulları suvarmaq üçün təminat yaradır. Bu, məhsul itkisinin qarşısını alır və fermerlərin illik gəlirini sabit saxlayır.
 

Yağış suyunun yığılması ənənəvi suvarma (məsələn, yeraltı suların nasoslarla çəkilməsi) ilə müqayisədə enerjiyə qənaət edir. Cazibə qüvvəsi ilə işləyən damcı suvarma sistemlərinə yığılan yağış sularının yönləndirilməsi elektrik enerjisi xərclərini azaldır.
 

Yağış sularının idarə olunması bir ekoloji lüks deyil, Azərbaycanın su ehtiyatlarının idarə olunmasında strateji bir zərurətdir. "Bakı Baş Planı" çərçivəsində yağış sularının ayrı kollektorlarda yığılması və təkrar istifadəsi planları gələcəyə atılan mühüm iqtisadi addımdır.
 

Hər bir vətəndaşın öz həyətində, fərdi evində və ya müəssisəsində yağış suyunu toplamaq üçün kiçik bir səy göstərməsi belə, ümumi su təhlükəsizliyimizə və milli iqtisadiyyatımızın dayanıqlığına böyük töhfə deməkdir. Göydən düşən hər damcı, düzgün idarə edildikdə, ölkəmizin iqtisadi gələcəyinə bir investisiyadır.
 

Məqalə Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Azərbaycanda hidrotəhlükəsizlik çağırışları” layihəsi çərçivəsində hazırlanıb.

Məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.