"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümü münasibətilə Qubada keçirilən tədbir haqqında fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"Ötən gün Qubada Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etdim.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli Məmmədli, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, şəhid ailələri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
34 illik şərəfli tarix, dövlətçiliyə, milli maraqlara və Azərbaycanın inkişafına xidmət edən siyasi yol deməkdir.
Bir şəhid anası olaraq bu tədbirdə iştirakımın mənəvi məsuliyyəti daha böyükdür. Çünki bu gün qazandığımız Zəfərin, müstəqilliyimizin və ərazi bütövlüyümüzün arxasında canını Vətənə fəda edən oğullarımızın müqəddəs qanı dayanır. Bu tədbirə dəvətə görə Fidan Hüseynova xanıma öz təşəkkürümü bildirirəm.
Mən həm də “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri olaraq inanıram ki, Vətənə xidmət yalnız sözlə deyil, əməl və məsuliyyətlə ölçülür.
Bu yolda şəhidlərimizin əziz xatirəsinə, qazilərimizin fədakarlığına və dövlətimizin gələcəyinə layiq olmaq hər birimizin borcudur.
Yeni Azərbaycan Partiyasının 34-cü ildönümü münasibətilə bütün partiya üzvlərini təbrik edir, ölkəmizin inkişafı və dövlətçiliyimizin möhkəmlənməsi naminə fəaliyyətlərində uğurlar arzulayıram.
Yaşasın Azərbaycan! Yaşasın güclü dövlətimiz!"











