ABŞ Senatının qlobal səhiyyə proqramlarının maliyyələşdirilməsini davam etdirmək təşəbbüsü Donald Tramp administrasiyası ilə fikir ayrılığı yarada bilər. Senatın Təxsisatlar Komitəsi xarici yardımların maliyyələşdirilməsinə dair yeni qanun layihəsi təqdim edib. Sənəddə qlobal səhiyyə sahəsinə ayrılması nəzərdə tutulan vəsaitin artırılması təklif olunur.
QHT.az xarici mediaya istinadən bildirir ki, Senatın Təxsisatlar Komitəsinin hazırladığı qanun layihəsinə əsasən, qlobal səhiyyə proqramları üçün 9,7 milyard dollar ayrılması nəzərdə tutulur. Bu məbləğ ötən il təsdiqlənmiş 9,4 milyard dollarla müqayisədə 300 milyon dollar çoxdur. Təklif ABŞ-ın xarici yardım siyasətində qlobal səhiyyənin maliyyələşdirilməsinin qorunmasına yönəlmiş mühüm addım kimi qiymətləndirilir.
Qanun layihəsində uşaqların və anaların sağlamlığının qorunması, qidalanma proqramları, ailə planlaşdırılması və reproduktiv sağlamlıq xidmətləri üçün də maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Xüsusilə ailə planlaşdırılması və reproduktiv sağlamlıq istiqamətlərinin sənədə daxil edilməsi diqqət çəkir. Çünki Donald Tramp administrasiyası bu sahələrin maliyyələşdirilməsinə qarşı mövqe nümayiş etdirib.
Bundan əlavə, layihədə Birləşmiş Millətlər Təşkilatının Əhali Fonduna (UNFPA) da müəyyən məbləğdə vəsait ayrılması təklif olunur. Bu fond ana və uşaq sağlamlığı, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahələrində fəaliyyət göstərən beynəlxalq qurumlardan biridir.
Beləliklə, Senatın yeni təklifi qlobal səhiyyə proqramlarına ayrılan vəsaitin azaldılması əvəzinə artırılmasını və bir sıra mühüm istiqamətlərin maliyyələşdirilməsinin davam etdirilməsini nəzərdə tutur. Lakin bu təklifin Tramp administrasiyası tərəfindən necə qarşılanacağı və yekun maliyyələşdirmə qərarının hansı formada qəbul ediləcəyi hələlik açıq qalır.











