Assosiasiyanın sədri vəzifəsinə Rəna Qəfərova seçilib

QHT.az azertag.az-a istinadən xəbər verir ki, yeni yaradılmış Assosiasiyanın əsas məqsədi Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi, ticarət, investisiya, sosial və mədəni əlaqələrin inkişafına dəstək göstərmək, işgüzar əməkdaşlıq imkanlarını genişləndirmək, Azərbaycan sahibkarlarının Afrika bazarlarına çıxışını təşviq etmək və qarşılıqlı faydalı tərəfdaşlıqların qurulmasına töhfə verməkdir.

Assosiasiyanın sədri seçilmiş Rəna Qəfərova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 aprel 2026-cı il tarixində imzaladığı “Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin ‘Tərəqqi’ medalı ilə təltif edilməsi haqqında” Sərəncama əsasən “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, 2023-cü ilin may ayından etibarən “Karvan L” MMC-nin təşəbbüsü ilə fəaliyyətə başlayan “Africa–Azerbaijan Cooperation” (AFAZ) platforması Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi və işgüzar əlaqələrin inkişafına yönəlmiş çoxsaylı təşəbbüslər həyata keçirib.

Ötən müddət ərzində AFAZ Azərbaycan şirkətlərinin Afrika bazarlarında tanıdılması, beynəlxalq biznes forumlarının təşkili, sərgilərdə iştirakın təmin edilməsi, işgüzar nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili və dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərib.

Artıq AFAZ öz fəaliyyətini “Azərbaycan–Afrika İqtisadi və Sosial Əlaqələr Assosiasiyası” İctimai Birliyi kimi daha geniş institusional çərçivədə davam etdirəcək.

2025-ci ilin noyabr ayında AFAZ-ın təşəbbüsü ilə Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycanın “Sub-Sahara” Afrikası istiqamətində ilk biznes forumlarından biri təşkil olunub. Forum çərçivəsində Azərbaycan və Afrika şirkətləri arasında işgüzar görüşlər keçirilib, yeni əməkdaşlıq imkanları müzakirə edilib.

2026-cı ilin may ayında Bakıda keçirilən “Caspian Agro” beynəlxalq sərgisində ilk dəfə AFAZ-ın təşəbbüsü ilə Afrika pavilyonu təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Afrika pavilyonunu ziyarət edərək burada nümayiş etdirilən məhsullar və Afrika ölkələri ilə əməkdaşlıq imkanları ilə tanış olublar. Dövlət başçısının pavilyona göstərdiyi diqqət Afrika-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyıb. Həmin dövrdə Azərbaycanda ilk dəfə Afrika Həftəsi (Africa Week) təşkil olunub. Tədbirlər çərçivəsində Afrika ölkələrinin biznes nümayəndələri, sahibkarları və müxtəlif təşkilatların təmsilçiləri Azərbaycana səfər ediblər. Xüsusilə, Africa Business Council-in prezidenti Dr. Amany Asfour ilk dəfə Azərbaycana səfər edərək ölkəmizin biznes və investisiya mühiti, yerli şirkətlərin potensialı və mümkün əməkdaşlıq istiqamətləri ilə tanış olub.

AFAZ-ın təşəbbüsü və təşkilatçılığı ilə 2026-cı ilin noyabr ayında Qana Respublikasının Ticarət, Aqrobiznes və Sənaye Nazirliyinin Baş direktoru və inzibati rəhbəri cənab Noah Tumfonun rəhbərliyi ilə dövlət rəsmiləri və sahibkarlardan ibarət nümayəndə heyəti Azərbaycana rəsmi işgüzar səfər edib.

Səfər çərçivəsində Qana nümayəndə heyətinin aşağıdakı qurumlarla görüşləri və tanışlıq səfərləri təşkil olunub:

• Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

• Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

• Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR);

• “AzerGold” QSC;

• Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;

• Sumqayıt Sənaye Parkı.

AFAZ-ın növbəti beynəlxalq təşəbbüsü 2026-cı ilin 7–10 dekabr tarixlərində Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək “Africa Food Show” sərgisində Azərbaycanın təmsil olunmasıdır. Sərgidə AFAZ-ın təşkilatçılığı ilə 7 Azərbaycan şirkətinin iştirak etməsi və Azərbaycan pavilyonunun təqdim olunması planlaşdırılır. Bu iştirakın əsas məqsədi Azərbaycan istehsalı olan məhsulların Afrika bazarlarında tanıdılması, yeni ixrac imkanlarının araşdırılması və Azərbaycan sahibkarları ilə Afrika ölkələrinin işgüzar dairələri arasında birbaşa əlaqələrin qurulmasıdır.

Azərbaycan-Afrika əməkdaşlığında yeni perspektivlər

Yeni yaradılmış Assosiasiya bundan sonra Afrika ölkələri ilə iqtisadi və sosial əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsi, qarşılıqlı investisiyaların təşviqi, biznes forumlarının, sərgilərin və işgüzar missiyaların təşkili istiqamətində fəaliyyətini genişləndirməyi hədəfləyir.

Assosiasiyanın sədri Rəna Qəfərova bildirib: “2023-cü ildə Afrika istiqamətində fəaliyyətə başladığımız zaman əsas məqsədimiz Azərbaycan sahibkarları üçün yeni bazarlar açmaq, ölkəmizin iqtisadi potensialını Afrika qitəsində tanıtmaq və iki region arasında davamlı əməkdaşlıq körpüsü yaratmaq idi. Bu gün artıq həmin təşəbbüsün ictimai birlik kimi fəaliyyətini davam etdirməsi bizim üçün mühüm mərhələdir. İnanırıq ki, Azərbaycan ilə Afrika ölkələri arasında yalnız ticarət və investisiya sahəsində deyil, həm də təhsil, elm, innovasiya,idman, mədəniyyət və sosial sahələrdə böyük əməkdaşlıq potensialı mövcuddur. Əsas hədəfimiz Azərbaycanı Afrika ölkələri üçün etibarlı iqtisadi və strateji tərəfdaş kimi tanıtmaq, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə və uzunmüddətli əlaqələrin formalaşmasına töhfə verməkdir”.

Azərbaycan-Afrika İqtisadi və Sosial Əlaqələr Assosiasiyası qarşıdakı dövrdə Azərbaycan və Afrika ölkələri arasında əməkdaşlığın daha da genişləndirilməsi, yeni iqtisadi təşəbbüslərin həyata keçirilməsi və beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.