Fəlakətlərə Yardım Filantropiyası Mərkəzi (CDP) donorların maliyyə vəsaitlərini necə idarə etdiyini, yardım alacaq təşkilatları hansı meyarlarla seçdiyini və fəlakətlərdən əvvəl maliyyə öhdəliyi götürməyin əhəmiyyətini açıqlayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, öz qrant proqramlarını idarə etmək üçün ayrıca komandası olmayan donorlar fəlakətlər zamanı ayırdıqları yardımların idarə olunması üçün getdikcə daha çox CDP-yə müraciət edirlər.
2010-cu ildə yaradılan təşkilat donorların fəlakətlərlə bağlı daha düzgün maliyyələşdirmə qərarları qəbul etməsinə kömək edir. Mərkəz fəlakətlərdən sonra ayrılan vəsaitlərin hara yönəldildiyini izləyir və maliyyə dəstəyinin nəticələrini qiymətləndirir.
Son illərdə müxtəlif donorların vəsaitlərini birləşdirərək vahid fondlar vasitəsilə idarə etmək təşkilatın əsas fəaliyyət istiqamətlərindən birinə çevrilib.
CDP-nin fondların idarə edilməsi və koalisiyaların qurulması üzrə vitse-prezidenti Şarad Aqqarval “Devex”ə açıqlamasında vəsaitlərin bölüşdürülməsi, qrant alan təşkilatların seçilməsi və donorlarla əməkdaşlıq mexanizmləri barədə danışıb. O, həmçinin donorların fəlakətlər baş verməzdən əvvəl maliyyə öhdəliyi götürməsinin vacibliyini vurğulayıb. Bu yanaşma fövqəladə vəziyyətlərdə yardımların daha sürətli və səmərəli çatdırılmasına imkan verir.











