Şifrələnmiş mesajlaşma tətbiqi Signal süni intellekt agentlərinin istifadəçilərin şəxsi yazışmalarına çıxışının qarşısını almaq üçün yeni təhlükəsizlik tədbirləri tətbiq edir. Şirkət süni intellektin mobil cihazlara inteqrasiyasının məxfilik üçün ciddi təhlükə yaratdığını bildirir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Signal telefonlarda ekran görüntülərinin əldə edilməsini məhdudlaşdıracaq və bu funksiyanı standart olaraq aktiv edəcək. Süni intellekt köməkçisi ekranı oxumağa çalışdıqda istifadəçiyə xəbərdarlıq göstəriləcək. İstifadəçilər istəsələr, məhdudiyyəti söndürə biləcəklər.

Şirkət Apple, Google və Microsoft-u süni intellekt agentlərinin şəxsi məlumatlara çıxışını məhdudlaşdırmaq üçün tətbiq hazırlayanlara daha geniş imkanlar yaratmağa çağırıb. Xüsusilə Siri AI və Gemini Intelligence kimi əməliyyat sistemlərinə inteqrasiya olunmuş köməkçilərin yaratdığı risklərə diqqət çəkib.

Meta-nın Muse süni intellekt agenti əvvəllər istifadəçilərin verdiyi sistem icazələrindən yararlanaraq həm Apple kompüterlərində, həm də Android telefonlarında Signal mesajlarına çıxış əldə edib.

Signal bildirib ki, ekran görüntüləri, bildirişlər və fayl sisteminə çıxış şəxsi yazışmaların məxfiliyini təhlükə altına sala bilər. Qeyd edək ki, platforma başdan-başa şifrələmə texnologiyası və istifadəçi məlumatlarının qorunması ilə tanınır.