Noyabrın 15-də Azərbaycan Texniki Universitetində “Zəfər Olimpiadası”nın qalib müəllimlərinin mükafatlandırılması mərasimi keçirilib.
QHT.az xəbər verir ki, Uniser Training Centre və “Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə olimpiadanın qalibləri mükafatlandırılıb.
“Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Emin Xankişiyev tədbirin açılış mərasimində çıxış edərək olimpiada haqqında məlumat verib. O bildirib ki, bu təşəbbüs artıq beş ildir ənənəvi olaraq ümumrespublika səviyyəsində həyata keçirilir. Onun sözlərinə görə, bu il “Zəfər Olimpiadası”nın beşillik yubileyi qeyd olunur və olimpiada şəhid Raqif Orucovun xatirəsinə həsr edilib.
Emin Xankişiyev qeyd edib ki, olimpiadanın əsas məqsədi müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək, onların peşəkar inkişafını stimullaşdırmaq və təhsil sahəsində təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov və digər qonaqlar ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Çıxışlarda Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı vurğulanıb, bu istiqamətdə görülən işlərin əhəmiyyəti qeyd olunub. Natiqlər təhsilin inkişafına verilən dəstəyə görə minnətdarlıqlarını ifadə edib, müəllimlərin cəmiyyətin inkişafındakı rolundan və onların peşəkar fəaliyyətinin stimullaşdırılmasının vacibliyindən bəhs ediblər.
Emin Xankişiyev qaliblər üçün nəzərdə tutulan mükafatlar barədə də məlumat verib. Bildirib ki, birinci yerin qalibləri Türkiyədə təşkil olunacaq təhsil təcrübəsi proqramında iştirak etmək imkanı qazanırlar. İkinci və üçüncü yerləri tutan müəllimlərə noutbuklar və planşet təqdim olunur. Dördüncü yerdən onuncu yerədək qərarlaşan iştirakçılar isə ağıllı saatlar və digər həvəsləndirici hədiyyələrlə mükafatlandırılırlar.
Tədbir çərçivəsində olimpiadada fərqlənən müəllimlərin uğurları qeyd olunub, onların təhsil sahəsində fəaliyyətinin və peşəkar inkişafının dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.
“Zəfər Olimpiadası” müəllimlər arasında sağlam rəqabətin təşviqi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də qabaqcıl təcrübələrin paylaşılması baxımından əhəmiyyətli təşəbbüslərdən biri kimi qiymətləndirilir.










