"Cənab Prezidentin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə Ağdam şəhərinin işğaldan azad olunduğu gün – noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur".

Bu fikirləri "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin rəhbəri, Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov QHT.az-a açıqlamasında bildirib.

A.Xəlilovun sözlərinə görə, Ağdamın işğaldan azad edilməsindən sonra şəhərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması istiqamətində işlərə başlanılıb.

"Artıq 6 ildir ki, Ağdam şəhəri erməni işğalından azad edilib. Şəhər azad olunduğu gündən etibarən Ağdamın yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesinə start verilib.

Ötən illər ərzində Ağdamda genişmiqyaslı quruculuq və bərpa işləri aparılıb. Yeni infrastruktur, logistika xidmətləri, sosial əhəmiyyətli binalar, eyni zamanda əhalinin geri qayıtması üçün yaşayış binaları müasir dövrün tələblərinə uyğun şəkildə və yüksək sürətlə inşa edilib.

Bu gün artıq Ağdam şəhərinə əhalinin qayıdışı davam edir. Mənzil tikintisi yüksək sürətlə aparılır və yeni yaşayış binaları hazır olduqca sakinlərin doğma yurdlarına köçürülməsi təmin edilir. Biz də ictimai şura olaraq bu prosesi yaxından izləyir, keçirilən tədbirlərdə iştirak edirik.

Ağdamlılar böyük sevinc və minnətdarlıq hissi ilə cənab Prezidentə təşəkkür edir, şəhidlərimizə rəhmət diləyir və öz doğma yurdlarına böyük həvəslə qayıdırlar.

Bu gün Ağdamda genişmiqyaslı quruculuq işləri aparılır, sənaye parkları yaradılır. Köçən əhalinin sosial problemləri və məşğulluq məsələləri öz həllini tapır. Məşğulluğun təmin olunması üçün yeni imkanlar yaradılır, təhsil müəssisələrimiz istifadəyə verilir və Ağdam gündən-günə inkişaf edir.

Məlum olduğu kimi, Ağdam Qarabağın inkişaf etmiş, böyük sosial-iqtisadi əhəmiyyətə malik şəhərlərindən biri olub. Ağdamın münbit torpaqları, kənd təsərrüfatı və sənayesi inkişaf etmişdi. Lakin işğal dövründə bütün bu inkişaf tamamilə dağıdılıb, Ağdam şəhəri və onun inkişaf etmiş kəndləri yerlə-yeksan edilib.

Bu gün isə Ağdam və ətraf kəndlər bərpa olunur. Artıq kəndlərdə təmir və bərpa işləri aparılır, əhali öz doğma yurdlarına qayıdır.

İnanırıq ki, Ağdam tezliklə tamamilə bərpa olunacaq və bütün ağdamlılar öz doğma torpaqlarına qayıdacaqlar. Ağdam əvvəlki şöhrətini özünə qaytaracaq, Azərbaycan iqtisadiyyatında tutduğu yeri yenidən bərpa edəcək. Çünki Ağdam rayonunun bunun üçün çox böyük potensialı var.

Eyni zamanda, Ağdam Azərbaycan mədəniyyətinə və elminə böyük töhfələr vermiş rayonlarımızdandır. İnanırıq ki, Ağdam Azərbaycan mədəniyyətindəki rolunu yenidən bərpa edəcək və şəhərdən bir daha milli musiqilərimizin, muğamlarımızın səsi ucalacaq".

Fatimə Nəbiyeva