WhatsApp istifadəçilər üçün yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. Yenilik sayəsində istifadəçilər seçdikləri söhbət mövzusunu qarşı tərəflə də paylaşa biləcəklər.

QHT.az xarici mediaya istinadən bildirir ki, funksiya Google Play Beta proqramında WhatsApp-ın Android üçün 2.26.46.8 beta versiyasından istifadə edən bəzi şəxslərə təqdim edilib. Yeniliyin yaxın həftələrdə daha geniş istifadəçi kütləsinə çatdırılması gözlənilir.

Yeni funksiya necə işləyəcək?

İstifadəçi söhbət pəncərəsinin yuxarı hissəsindəki menyudan “Söhbət mövzusu” bölməsinə daxil olaraq istədiyi dizaynı seçə biləcək. Daha sonra mövzunu yalnız özü üçün deyil, söhbətin bütün iştirakçıları üçün tətbiq etmək imkanı yaranacaq.

Beləliklə, həm mesajların rəngi, həm də söhbətin fon şəkli hər iki tərəfdə eyni görünəcək. Dəyişikliyi kimin etdiyi barədə söhbətdə xüsusi sistem bildirişi də göstəriləcək.

Qrup söhbətlərində də işləyəcək

Yenilik yalnız ikili yazışmalarla məhdudlaşmayacaq. Qrup üzvləri də seçdikləri mövzunu bütün iştirakçılarla paylaşa biləcəklər. İstənilən üzv sonradan mövzunu dəyişmək imkanına sahib olacaq.

Bundan əlavə, istifadəçilər hazır dizaynlarla yanaşı, telefonun qalereyasındakı şəxsi fotolarını da söhbət fonu kimi seçə biləcəklər.

Qeyd edək ki, oxşar funksiya daha əvvəl iOS beta versiyasında da sınaqdan keçirilib. WhatsApp yeniliyin bütün istifadəçilər üçün rəsmi təqdimat tarixini hələ açıqlamayıb.