17–18 noyabr 2026-cı il tarixlərində Odlar Yurdu Universitetində Startap və İnkubasiya Mərkəzi ilə İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik kafedrasının birgə təşəbbüsü ilə təşkil olunan “OYU CYBER AI HACKATHON 2026” müsabiqəsi başa çatıb.

Hakatonun ikinci günündə final mərhələsinə yüksələn 10 komanda münsiflər heyəti qarşısında öz layihələrini təqdim edib, hazırladıqları texnoloji həllər barədə ətraflı məlumat verib və münsiflərin suallarını cavablandırıb. İştirakçıların təqdimatları süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal təhlükəsizlik sahələrində innovativ yanaşmaların nümayişi baxımından əhəmiyyət daşıyıb.

Təqdimatlardan sonra müsabiqənin bağlanış və mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Elmi işlər və keyfiyyət təminatı üzrə prorektor, professor Fəxrəddin Məmmədov, İnformasiya texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müdiri, akademik Əli Abbasov, eləcə də Startap və İnkubasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlü çıxış ediblər. Çıxışlarda gənclərin innovativ ideyalarının dəstəklənməsinin, texnoloji bilik və bacarıqlarının inkişaf etdirilməsinin, eləcə də süni intellekt və kibertəhlükəsizlik sahələrində yeni həllərin hazırlanmasının əhəmiyyəti vurğulanıb. Münsiflər heyətinin üzvləri də müsabiqə ilə bağlı təəssüratlarını bölüşərək iştirakçıların layihələri və təqdim etdikləri texnoloji həllər barədə fikirlərini səsləndiriblər.

Müsabiqənin yekun nəticələrinə əsasən, komandalar aşağıdakı qaydada sıralanıblar:

ZeroTrace – 81 xal
Lucy – 74 xal
RedAct – 71 xal
RootForce – 70 xal
Cryzen – 69 xal
2710İİS – 65 xal
Nano Legends – 62 xal
MegaMorph – 61 xal
Devora – 60 xal
Cyber Force – 58 xal
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev ilk üç yeri tutan komandaları mükafatlandırıb. Sponsorların dəstəyi ilə birinci yerin qalibinə 3000 AZN, ikinci yerin qalibinə 2000 AZN, üçüncü yerin qalibinə isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunub. Bununla yanaşı, Holberton School Azerbaijan tərəfindən ilk beşlikdə yer alan komandaların hər birinə kibertəhlükəsizlik və süni intellekt istiqamətləri üzrə kurslar hədiyyə edilib. Bu təşəbbüs gənclərin peşəkar biliklərinin artırılması və müvafiq sahələrdə praktiki bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır. Mərasim çərçivəsində münsiflər heyətinin üzvlərinə müsabiqənin təşkilinə və qiymətləndirmə prosesinə verdikləri töhfəyə görə təşəkkürnamələr təqdim olunub. Həmçinin könüllülər Rəvanə Göyüşlünün iştirakı ilə təşəkkürnamələrlə təltif ediliblər.

“OYU CYBER AI HACKATHON 2026” müsabiqəsi beş tərəfdaş və üç sponsor olmaqla, ümumilikdə səkkiz qurumun dəstəyi ilə həyata keçirilib.

 

Hakatonun tərəfdaşları:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
digital azerbaijan
National Artificial Intelligence Center (NAIC)
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası
Azerbaijan Startup Community
 

Hakatonun sponsorları:

MegaSec
Holberton School Azerbaijan
RCT


İki gün davam edən hakaton gənclərin süni intellekt və kibertəhlükəsizlik sahələrində biliklərini praktikada tətbiq etmələri, innovativ layihələr hazırlamaları və öz ideyalarını peşəkar münsiflər heyətinə təqdim etmələri üçün imkan yaradıb.