Çin xaricdə qeydiyyatdan keçmiş, lakin əsas fəaliyyəti ölkə daxilində olan şirkətlərin xarici fond birjalarında səhmlərini yerləşdirməsinə yeni məhdudiyyətlər tətbiq edir. Qərarın Honkonq IPO bazarına təsir göstərə biləcəyi bildirilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyası (CSRC) 2023-cü ildən sonra yaradılmış “red-chip” şirkətlərinin xarici birjalarda yerləşdirilməsindən əvvəl hüquqi qeydiyyat yerlərini Çinə köçürmələrini tələb edir.

“Red-chip” şirkətləri əsasən xaricdə qeydiyyatdan keçsələr də, aktivlərini və bizneslərini Çində idarə edirlər. Bu model xüsusilə xarici investisiyalar cəlb etmək istəyən Çin texnologiya startapları arasında geniş yayılıb.

Reuters-in məlumatına görə, yeni məhdudiyyətlər Honkonq bazarında şirkətlərin birjada yerləşdirilməsini çətinləşdirə bilər. 2026-cı ilin ilk 10 ayında Honkonqda IPO vasitəsilə cəlb olunan vəsait 84 faiz artaraq 404 milyard Honkonq dollarına çatıb.

Bununla yanaşı, Honkonqda səhmlərinin yerləşdirilməsinə icazə verilən “red-chip” şirkətlərinin sayı 2025-ci ildəki 50-dən 2026-cı ildə 6-ya düşüb. Yeni qaydaların şirkətlər üçün əlavə vaxt və maliyyə xərcləri yaradacağı gözlənilir.