Alimlər yüksək yağlı pendir istehlakının demensiya riskinə mümkün təsirini araşdırıblar.
Araşdırma Neurology beynəlxalq elmi jurnalında dərc olunub. Tədqiqatda orta yaşı 58,1 olan, əvvəllər demensiya diaqnozu almamış 27 670 isveçli iştirak edib. Onların qidalanma vərdişləri araşdırılıb və təxminən 25 il ərzində sağlamlıq vəziyyətləri izlənilib.
QHT.az xarici mediaya istinadən bildirir ki, müşahidə müddətində 3 208 nəfərdə demensiya aşkarlanıb. Nəticələrə görə, gündə ən azı 50 qram yüksək yağlı pendir (20 faiz və daha çox yağ tərkibli) qəbul edənlərdə 15 qram və ya daha az istehlak edənlərlə müqayisədə Alzheimer xəstəliyi ilə əlaqəli demensiya riski 13 faiz, damar mənşəli demensiya riski isə 29 faiz aşağı olub.
Bundan əlavə, yüksək yağlı qaymaq qəbul edən iştirakçılarda da demensiya göstəricisinin 16 faiz aşağı olduğu müəyyənləşdirilib. Lakin az yağlı pendir, az yağlı qaymaq, kərə yağı və süd istehlakı ilə demensiya riskinin azalması arasında əlaqə aşkarlanmayıb.
Tədqiqatçılar hesab edirlər ki, pendirdəki bəzi yağ turşuları və peptidlər sinir sistemində iltihabı azalda, antioksidant müdafiəni gücləndirə bilər. Bununla belə, bu mexanizmin demensiyadan qorunmada rolu hələ tam təsdiqlənməyib.
Qeyd edək ki, araşdırma müşahidə xarakteri daşıyır. Buna görə də yüksək yağlı pendirin demensiyanın qarşısını aldığı qəti şəkildə sübut edilməyib.











