Mayonez yüksək yağ və kalori tərkibinə görə uzun müddətdir sağlam qidalanma ilə bağlı müzakirələrin mövzusudur. Bəzi insanlar onu ürək-damar sağlamlığı üçün zərərli hesab edir, digərləri isə gündəlik qidalanmada məhdud miqdarda istifadəsinin problem yaratmadığını düşünür.

QHT.az xarici mediaya istinadən bildirir ki, əslində, mayonez yumurta sarısı, bitki yağı, sirkə və bəzən xardalın qarışdırılması ilə hazırlanan emulsiyadır. Ondan sendviçlərdə, salatlarda və müxtəlif yeməklərdə geniş istifadə olunur.

CityDietitians şirkətinin məsləhətçi dietoloqu Sofi Medlinin sözlərinə görə, mayonez haqqında formalaşmış mənfi fikirlər hər zaman əsaslı deyil. Onun fikrincə, bir xörək qaşığı mayonez, məsələn, tuna balığı ilə hazırlanan sendviçin tərkibində balanslı qidalanmaya uyğun ola bilər.

Mayonez niyə zərərli hesab olunur?

Məhsulun əsas tərkibini yağ təşkil etdiyi üçün onun kalorisi yüksəkdir. Bundan əlavə, yumurta sarısının xolesterinlə əlaqələndirilməsi də mayonezin sağlamlığa zərərli olduğu düşüncəsini gücləndirib.

Lakin mütəxəssislər bildirirlər ki, mayonezin sağlamlığa təsiri onun tərkibindən, istifadə olunan yağın növündən və qəbul edilən miqdardan asılıdır.

Hansı mayonezi seçmək lazımdır?

Mayonez alarkən məhsulun etiketinə diqqət yetirmək vacibdir. Doymuş yağın, duzun və əlavə şəkərin miqdarını yoxlamaq, daha münasib tərkibli məhsullara üstünlük vermək tövsiyə olunur.

Nəticə etibarilə, mayonezi tamamilə qidalanmadan çıxarmaq vacib deyil. Əsas məsələ onu ölçülü istifadə etmək və ümumi qidalanma balansını qorumaqdır.