UNESCO bütün dünyada uşaqların ən azı bir il məktəbəqədər təhsil almasını təmin etmək üçün 2030-cu ilədək 141 milyard dollardan çox vəsaitə ehtiyac olduğunu açıqlayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, UNESCO-nun yayımladığı yeni hesabatda bütün uşaqların məktəbəqədər təhsilə çıxışının təmin edilməsi üçün beynəlxalq səviyyədə maliyyə dəstəyinin artırılmasının vacibliyi vurğulanıb.
Hesabatda Zambiyadakı Buche-Buche məktəbinin təcrübəsi də diqqətə çatdırılıb. Məktəbin direktor müavini Evans Munsakanın sözlərinə görə, məktəbdə məktəbəqədər sinfin açılmasından sonra şagirdlərin ümumi təhsil göstəriciləri yaxşılaşıb.
O bildirib ki, məktəbəqədər təhsil alan uşaqlar birinci sinfə başlayarkən qələm tutmaq, kitab açmaq və digər ilkin bacarıqlara yiyələnmiş olurlar. Bu isə onların təhsil prosesinə daha yaxşı uyğunlaşmasına kömək edir.
UNESCO-nun hesabatına əsasən, bu cür imkanların bütün dünyada uşaqlar üçün əlçatan olması məqsədilə 2030-cu ilədək 141 milyard dollardan artıq maliyyə vəsaiti tələb olunur.











