ABŞ Prezidenti Donald Tramp administrasiyasının Minilliyin Çağırış Korporasiyasının (MCC) baş icraçı direktoru vəzifəsinə namizədi Elliott Hulse Senatda keçirilən dinləmələrdə çıxış edib. Onun namizədliyi ilə bağlı qərarı indi Senatın Xarici Əlaqələr Komitəsi verməlidir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Elliott Hulse cümə axşamı keçirilən dinləmələrdə MCC-nin əsas prinsiplərini qoruyacağını, eyni zamanda qurumun fəaliyyətində müəyyən dəyişikliklər edəcəyini bildirib.

O, MCC-ni ABŞ-ın beynəlxalq inkişaf siyasətinin mühüm tərkib hissəsi adlandırıb və iqtisadi diplomatiyanın xarici siyasətdə əhəmiyyətli vasitə olduğunu vurğulayıb. Hulse qeyd edib ki, düzgün həyata keçirilən inkişaf layihələri ölkələr arasında uzunmüddətli əlaqələr yarada, təhlükəsizliyi gücləndirə, qarşılıqlı faydalı iqtisadi və kommersiya imkanlarını genişləndirə bilər.

ABŞ Maliyyə Nazirliyində bir sıra vəzifələrdə, o cümlədən ictimaiyyətlə əlaqələr üzrə nazir müavininin səlahiyyətlərini icra edən şəxs kimi çalışmış Hulse Dünya Bankı Qrupunun keçmiş prezidenti Devid Malpassın kommunikasiya üzrə köməkçisi olub. O, həmçinin Yaponiyanın Tokio şəhərində Dünya Bankının kommunikasiya komandasına rəhbərlik edib.

Namizədliyi Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiqlənərsə, Hulse Donald Trampın ikinci prezidentlik administrasiyası dövründə MCC-nin ilk baş icraçı direktoru olacaq.