​​(Şəhid ailələri ilə görüşdən qeydlər)

Vətən müharibəsi başlayanda 30 illik həsrətdən sonra ilk dəfə bütün varlığımla hiss elədim ki, artıq mənim köçkün həyatıma son qoyuldu. Bu, Azərbaycanın qəhrəman, qeyrətli, vətənpərvər oğullarının, müstəqilliyin övladlarının sayəsində oldu. Torpağımızın addım-addım azad edildiyi hər günü yaxşı xatırlayıram.

Ürəyimiz cəbhə ilə bir döyünürdü, Qələbə xəbərlərini hava kimi ciyərlərimizə çəkirdik, bir gözümüz gülür, bir gözümüz ağlayırdı. Sevinirdik ki, torpağımız kimi neçə-neçə nəslin əsir ruhu da azadlığına qovuşur. Bu Qələbə, sadəcə bir hərbi zəfər deyil, xalqımızın illərlə qəlbində gəzdirdiyi nisgilin, səbrin və ədalətin zəfər marşı idi. Bu Qələbə hər bir azərbaycanlının qürurunu, ləyaqətini, kimliyini özünə qaytardı. Bu Qələbə xalqımızın birliyini, Ordumuzun peşəkarlığını, milli ruhun yenilməzliyini dünyaya göstərdi.

İllərlə boğazımızda düyünə, qəhərə dönən Vətən həsrətinə, yurd nisgilinə son qoyuldu. Vətən bütövləşdi. Beləcə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri bizi ən böyük arzumuza qovuşdurdu..

Bu gün Qarabağda Qarabağın xoşbəxtlik hekayəsi yazılır. 30 ildə çəkdiyimiz ağrılar, acılar torpağın altına gömülür, torpağın üstündə möcüzələr yaradılır. Qarabağ yenidən qurulur, dirçəlir, özünə gəlir, sakinlər doğma ev-eşiklərinə qayıdır. Qarabağın hər guşəsində həyat qaynayır, Qarabağ qonaq qarşılayıb-qonaq yola salır..

Bu parlaq Qələbədə şəhidlərimiz kimi onların ailələrinin də misilsiz payı var. Bu haqq-say da heç zaman unudulmur. 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura və Bakı 29 saylı Mediasiya Təşkilatının şəhid ailələri ilə keçirdiyi görüş bu həqiqəti bir daha sübut etdi. Bəli, Vətən müharibəsindəki Zəfərimiz, həm də Azərbaycan ailəsinin Zəfəridir..

Son dərəcə kövrək və qürur dolu məqamlarla yadda qalan görüşdə müxtəlif rayonlarından gələn şəhid ailələri, ziyalılar, media nümayəndələri iştirak edirdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini, Bakı 29 saylı Mediasiya Təşkilatının direktoru Venera Əsgərova dedi ki, “Zəfərimizdə övladlarınızın əbədi payı, xalqımızın qəlbində isə ölməz adı var. Dövlətimiz və cəmiyyətimiz isə hər zaman şəhid ailələrinin yanındadır”.

Tədbirin əsas mesajı da elə bu idi. Venera xanım şəhid ailələrinə, Azərbaycan Texniki Universitetində dərs dediyi şəhid tələbələrin və “Azərişıq” ASC-də birgə çalışdığı şəhid həmkarlarının valideynlərinə görüşə gəldikləri üçün minnətdarlıq etdi.

Tədbirdə əsas söz şəhid ailələrinin idi. Biz daha çox onları dinləmək istəyirdik. Onlar öz övladlarından fəxrlə danışırdılar. Bir şəhid anası belə dedi: “Bizi tanıtdıran oğullarımız olub. O oğullar ki, Vətən üçün ölümün üstünə kişi kimi gediblər, öz ölümləriylə düşmənə dağ çəkiblər”. Başqa bir qəhrəmanımızın anası: “Oğlumun şəklinə baxıb ağlayanda utanıram, çünki o heç vaxt ağlamayıb, həmişə gülüb, həmişə də deyib ki, torpaqlarımızı azad edəcəyəm...” dedi.

İsmayıllı rayonundan görüşə gələn şəhid Aqil Mirzəliyevin anası Aynurə xanım “Oğlum məni Türkiyəyə aparmağa söz vermişdi, onun bu vədini Venera xanım gerçəyə çevirdi” – deyə kövrəldi. (Venera Əsgərova bir neçə il əvvəl 50 şəhid ailəsini Türkiyəyə səfərə aparıb – F.N.)
“Vətən sağ olsun, xalqımız sağ olsun! Oğullarımızın bükülüb gəldiyi bayrağımız həmişə uca olsun! Bir daha müharibə olmasın, bir daha analar oğul dağı görməsin!” bunu bir şəhid atası diləgətirdi. Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova əzizlərinin xatirəsinə göstərilən ehtirama görə minnətdarlıq etdi. “Biz dövlətimizdən çox razıyıq, övladlarımızın xatirəsini uca tutur, bizim qayğımıza qalır. Biz də daim dövlətimizin yanındayıq. Hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəkləyirik” – bunu isə şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova dedi. Neftçala rayonundan tədbirə gələn şəhid Camal İsmayılovun anası Filara xanım bildirdi ki, bu gün oğlunun anım günüdür, amma o bu görüşə gəlməyi vacib bilib.

Onlar danışdıqca qürurları ilə yanaşı, gözlərinin dərinliyində övlad itkisinin ağrısı hələ də görünürdü. Amma fəxarət hissi bu kədəri üstələyirdi. Venera Əsgərovanın: “Kədəriniz qarşısında baş əyir, məğrur duruşunuzdan güc alırıq. Övladlarınızın xatirəsini yaşatmaq, sizə qayğı və ehtiram göstərmək hər birimizin mənəvi borcudur” fikri də bu kədəri ovudurdu..

..Bu qəhrəman anaların böyütdüyü igid oğulların həyat hekayəsi yalnız bir insanın taleyi deyil, həm də Vətən sevdasının, igidliyin və vətənpərvərliyin hekayəsidir. Bu hekayə son deyil, gələcək nəsillərə yazılmış əmanətdir. Bu, dəyişən nəsillərə bir örnəkdir, nümunədir.
Qeydlərimi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhid valideynlərinə ünvanlanan fikri ilə tamamlamaq istəyirəm: "Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı"... 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!..

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, Əməkdar jurnalist Firuzə Nadir