Rəqəmsal transformasiya müasir dövrün əsas inkişaf istiqamətlərindən biri olmaqla yanaşı, dövlət maliyyəsinin idarə edilməsində həyata keçirilən islahatların da mühüm tərkib hissəsidir.

QHT.az azertag.az-a istinadən xəbər verir ki, bu sözləri Maliyyə Nazirliyi yanında İctimai şuranın sədri İnqilab Əhmədov “Rəqəmsal maliyyə ekosistemi: İdarəetmədə yeni mərhələ” adlı konfransda deyib.

İ.Əhmədov bildirib ki, dövlət maliyyəsinin rəqəmsallaşdırılması yalnız texnoloji yenilik deyil, həm də maliyyə resurslarının səmərəli idarə olunması, fiskal intizamın gücləndirilməsi, şəffaflığın və hesabatlılığın artırılması baxımından strateji əhəmiyyət daşıyır.

“Rəqəmsal həllərin tətbiqi maliyyə əməliyyatlarının avtomatlaşdırılmasına, idarəetmədə insan amilindən asılılığın və sui-istifadə risklərinin azaldılmasına, məlumat əsaslı qərarvermənin genişləndirilməsinə imkan yaradır”, - deyə o qeyd edib.

İctimai şuranın sədri rəqəmsallaşma ilə yanaşı, süni intellekt texnologiyalarının tətbiqinin dövlət maliyyəsinin idarə edilməsində yeni imkanlar açdığını, eyni zamanda, maliyyə və texnoloji savadlılığın artırılması zərurətini ön plana çıxardığını diqqətə çatdırıb.