Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsi çərçivəsində uğur hekayələrini əks etdirən videoçarxlar hazırlanıb.

QHT.az xəbər verir ki, bu dəfə "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimovanın uğur hekayəsi təqdim edilib.

Tünzalə Abduləlimova “Vətən naminə” təşəbbüsünün yaranma tarixindən danışıb: 2020-ci ildə müharibə başlayandan sonra Qubaya şəhid ailələri gəldikcə onları ziyarət edirdim. Həmin vaxt bizim uşaqdan xəbər yox idi, axtarışa vermişdik. Uşağı tapandan sonra da şəhid ailələrinin yanında olmağa çalışdım. “Vətən naminə” belə yarandı.

T.Abduləlimova şəhid övladları ilə münasibətlərindən danışaraq onların sevgisini qazanmağın onun üçün böyük sevinc olduğunu bildirib: Şəhid övladları ilə hər zaman təmasda oluruq. Bilirsiniz, ən gözəli nədir? Əvvəllər o uşaqlar mənə yaxın durmurdular. Amma bir neçə layihədən sonra indi məni görəndə deyirlər ki, “Nənə, bizi hara aparırsan?” Həqiqətən, o sevinci yaşayıram.

Tünzalə Abduləlimova şəhid övladları ilə Şuşaya səfərindən danışaraq həmin anların unudulmaz olduğunu vurğulayıb: Keçən il onları üç günlük Şuşaya apardıq. Onların bir gözü gülür, bir gözü isə ağlayırdı. Təsəvvür edin, uşaqlardan biri qışqırır ki, “Mənim atam buranı azad edib!” Bunu yaşamaq doğrudan da çox gözəl hissdir. Çətin olsa da, gözəl hissdir. Avtobusda onların “Qarabağı azad eləmişik biz, qəhrəmanların övladlarıyıq” mahnısını oxuması, doğrudan da, insanın ruhunu sakitləşdirir.

Sədr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən danışıb: Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə artıq altıncı qrant layihəmizi həyata keçirmişik. Agentlik bu layihələrdə mənə həqiqətən böyük dəstək göstərib. Biz şəhid ailələrinə və qazilərimizə psixoloji dəstək göstərmək, uşaqların həyata uyğunlaşmasına kömək etmək məqsədilə layihələr həyata keçirmişik. Bu ilki layihəmiz isə şəhid ailələrinin reabilitasiyasına həsr olunub.

T.Abduləlimova şəhid ailələrinə diqqət və qayğının vacibliyini qeyd edərək şəxsi xatirələrini bölüşüb: Bu gün şəhid ailələrinin qapısını döyüb onların halını soruşmaq, onlarla bir kəlmə danışmaq lazımdır. Qardaşım Birinci Qarabağ müharibəsinin qazisidir. Xocalıdan gələndə onun gözləri qandan dolu idi. O, bizə qayıdanda bircə kəlmə dedi: “Məni dindirməyin”. İndi də o, Xocalı haqqında heç nə danışmır. Oğlum Miqdad əsgərliyə gedəndə sonuncu dəfə “Dolu” filminə baxmışdı.

Tünzalə Abduləlimova bu missiyanın onda vətən sevgisini daha da gücləndirdiyini bildirib: Bu missiya məndə səbir hissini, ən əsası isə vətən sevgisini daha da artırdı. Çünki mən bir daha gördüm ki, doğrudan da, vətənsiz olmur.