"Sosial platformalar, süni intellekt və yeni texnologiyalar çox faydalıdır. Lakin onların faydaları ilə yanaşı, zərərləri də var. Məsələn, bıçaqdan məişətdə istifadə edərək çörək kəsə, gündəlik ehtiyaclarımızı qarşılaya bilərik. Ancaq bıçaqdan zərərli məqsədlərlə də istifadə etmək mümkündür. Burada insanın öz iradəsindən və həmin vasitələrdən necə istifadə etməsindən çox şey asılıdır".

Bu fikirləri təhsil eksperti Ramin Nurəliyev QHT.az-a açıqlamasında bildirib.

Ramin Nurəliyev texnologiyalardan istifadəyə tam qadağa qoyulmasının düzgün olmadığını bildirib:

Əlbəttə, texnologiyalara və internet resurslarına tam məhdudiyyət qoymaq düzgün yanaşma olmaz. Süni intellekt dövründə bütün internet resurslarına girişin məhdudlaşdırılması məqsədəuyğun deyil. Amma nazir müavininin qeyd etdiyi kimi, TikTok platformasına orta ümumtəhsil məktəblərində girişin məhdudlaşdırılması təşəbbüsünü müsbət qiymətləndirirəm.

R.Nurəliyevin sözlərinə görə, uşaqların texnologiyalardan istifadəsinə nəzarət ailədən başlamalıdır:

Bəzən valideynlərə uşaqların telefondan istifadəsini məhdudlaşdırmağı tövsiyə etdikdə onlar bildirirlər ki, süni intellekt dövründə bunu həyata keçirmək mümkün deyil. Lakin mən Firudin Qurbanovun fikirlərini tam dəstəkləyirəm. Necə ki, tərbiyə ailədən başlayır, uşaqların texnologiyalardan istifadəsinə nəzarət və müəyyən məhdudiyyətlərin tətbiqi də ilk növbədə ailədən başlamalıdır.

Ekspert valideyn nəzarətinin vacibliyini vurğulayıb:

Valideyn uşağa bahalı telefon alıb verdikdən sonra onun nəzarətsiz istifadəsinə göz yumarsa, uşaq yaşına uyğun olmayan platformalara və məzmuna yönələ bilər. Buna görə də uşaqların internetdən istifadəsinə məsuliyyətlə yanaşmaq vacibdir.

Ramin Nurəliyev süni intellektdən düzgün məqsədlərlə istifadə edilməli olduğunu qeyd edib:

Biz süni intellektin faydalı olduğunu qəbul edirik. Müxtəlif məlumatları əldə etmək, tapşırıqları yerinə yetirmək və işimizi asanlaşdırmaq üçün onun imkanlarından geniş istifadə edə bilərik. Lakin süni intellektdən düzgün məqsədlərlə yararlanmaq lazımdır. Məsələn, müəllimin verdiyi tapşırığı özümüz düşünmədən süni intellektə həll etdirmək, zəhmət çəkməmək və beynimizi tənbəlləşdirmək düzgün yanaşma deyil.

Ekspert məktəblərdə uşaqların zərərli məzmunlardan qorunmasını dəstəklədiyini bildirib:

Məhz buna görə də orta ümumtəhsil məktəblərində uşaqların tərbiyəsinə zidd məzmunlu saytlara və ya TikTok kimi platformalara girişin məhdudlaşdırılmasını dəstəkləyirəm. Hesab edirəm ki, bu, müsbət və təqdirəlayiq təşəbbüsdür.

R.Nurəliyev valideynlərin texniki imkanlardan istifadə etməklə uşaqların internet fəaliyyətinə nəzarət edə biləcəyini vurğulayıb:

Eyni zamanda, valideynlər də evdə uşaqlarının internetdən istifadəsinə nəzarət etməlidirlər. Uşağa telefon verilibsə, onun həmin cihazda hansı məzmunlara baxdığı mütləq izlənilməlidir. Bunun üçün texniki imkanlardan, o cümlədən Wi-Fi şəbəkəsində valideyn nəzarəti və məzmun filtrlərindən istifadə etmək olar. Beləliklə, uşaqların zərərli məlumatlara çıxışını müəyyən qədər məhdudlaşdırmaq mümkündür.

Ramin Nurəliyev azyaşlıların sosial şəbəkələrdən istifadəsinin zəruriliyini sual altına alıb:

Düşünürəm ki, bəzi saytların və sosial platformaların uşaqların inkişafına mənfi təsiri böyükdür. Məsələn, 12-13 yaşlı uşaqların sosial şəbəkələrdə hesab açmasına nə dərəcədə ehtiyac var? Əlbəttə, uşaqların yaşına uyğun olaraq rəqəmsal mühitdə ünsiyyət qurması və texnologiyalardan istifadə etməsi mümkündür. Ancaq bu yaş dövründə onların əsas məqsədi təhsil almaq, özlərini inkişaf etdirmək və gələcəyə hazırlaşmaq olmalıdır.

Ekspert sosial şəbəkələrdə həddindən artıq vaxt keçirilməsinin uşaqların inkişafına mənfi təsir göstərdiyini bildirib:

TikTok, Instagram, Facebook və digər sosial platformalarda həddindən artıq vaxt keçirmək uşaqların diqqətinə, düşünmə qabiliyyətinə və dərsə marağına mənfi təsir göstərə bilər. Bununla yanaşı, belə vərdişlər onların tənbəlləşməsinə də səbəb ola bilər.

R.Nurəliyev sosial şəbəkələrdən gecə saatlarınadək istifadənin uşaqların yuxu rejimini və təhsil nəticələrini pisləşdirdiyini qeyd edib:

Məsələn, uşaq gecə saat ikiyə və ya üçə qədər sosial şəbəkələrdə vaxt keçirirsə, səhər saat yeddidə oyanaraq dərsə getməli olur. Nəticədə yuxu rejimi pozulur, yuxusuzluq yaranır və bu da onun diqqətinə, öyrənmə qabiliyyətinə və dərslərdəki nəticələrinə mənfi təsir göstərir. Belə uşaqların məktəbdə yorğunluq yaşaması və dərs zamanı yuxulaması da mümkündür.

Ramin Nurəliyev təhsilin inkişafında bütün cəmiyyətin məsuliyyət daşıdığını vurğulayıb:

Ona görə də hesab edirəm ki, bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Ümumiyyətlə, təhsil elə bir sahədir ki, bu istiqamətdə yalnız təhsili idarə edən qurumlardan dəstək gözləmək olmaz. Cəmiyyət, qeyri-hökumət təşkilatları, valideynlər, dövlət qurumları və özəl sektor da təhsilin inkişafına töhfə verməlidir. Çünki təhsil bütün cəmiyyətin gələcəyidir.

Ekspert savadlı və məsuliyyətli cəmiyyətin formalaşması üçün valideynlərin övladlarının tərbiyəsinə xüsusi diqqət yetirməli olduğunu bildirib:

Əgər sabah savadlı, bilikli və məsuliyyətli cəmiyyət görmək istəyiriksə, bu istiqamətdə hərtərəfli addımlar atmalıyıq. İlk növbədə isə valideynlər övladlarının tərbiyəsinə və inkişafına məsuliyyətlə yanaşmalı, bunu yalnız düşüncədə deyil, gündəlik həyatlarında da tətbiq etməlidirlər.