Sahib Məmmədov Varşavada erməni QHT-lərinə və erməni lobbisinin təsiri altında olan digər təşkilatların saxta və yalan çıxışları ilə bağlı cavab çıxış edib
Hüquq müdafiəçisi Sahib Məmmədov Polşanın paytaxtı Varşavada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və ATƏT-in fəaliyyətdə olan sədr ölkəsi Finladiyanın təşkilatçılığı ilə keçirilən illik “İnsan meyarı (Human Dimension) konfarnsıda” iştirak edir. Sahib Məmmədov Ermənistan QHT-lərinin, Amerika Erməni Milli Komitəsinin Qəbr Regionu (ANCA WR) nümayəndəsinin, erməni lobbisini təmsil edən digər təşkilatların hazırda Azərbaycanda mühakimə olunan və müharibə cinayətləri törətməkdə təqsirləndilən şəxslərlə bağlı uydurma çıxışlarına cavab olaraq çıxış etmişdir. Çıxış ATƏT-in rəsmi veb səhifəsində yerləşdilmişir.
QHT.az çıxışın mətnini təqdim edir:
Hörmətli sədr,
Ermənistanda və onun hüdudlarından kənarda fəaliiyyət göstərən bir neçə QHT və erməni lobi təşkilatları Azərbaycanda hərbi cinayətlərdə ittiham olunanların məhkəmələri ilə bağlı yalan və uydurma məlumatlar yaymaqda davam edir. Onlar Ruben Vardanyan, David Manukyan, David Babayan, Arayik Arutyunyan, Levon Mnatsakanyan və başqalarına qarşı İşgəncələrə Qarşı Konvensiyanın pozulmasını iddia edərək, onları hərbi əsir və ya girov adlandırırlar.
2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı həbs olunan Ruben Vardanyan, David Manukyan, David Babayan, Arayik Arutyunyan, Levon Mnatsakanyan və digərlərinin hərbi əsir və ya girov kimi qələmə verilməsi absurddur.
Onların heç biri Üçüncü Cenevrə Konvensiyasının himayəsi altına düşmür. Həbs olunduqları zaman onlar hərbi xidmət keçmirdilər və kombadant deyildilər.
İki ildir ki, istintaq və məhkəmə prosesi davam edir. Ruben Vardanyan istisna olmaqla, digərləri Azərbaycan xalqına qarşı hərbi cinayətlərdə, o cümlədən soyqırımı və insanlığa qarşı cinayətlərdə ittiham olunurlar. Onlarla bağlı məhkəmənin qüvvəyə minmiş hökmü yoxdur və onlar hələ təqsirli bilinmirlər. Məhkəmə prosesi davam edir.
Onların saxlandıqdan sonra işgəncələrə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması ilə bağlı iddialar da həqiqətə uyğun deyil. Mən əvvəllər onların hazırda saxlandığı istintaq təcridxanasına dəfələrlə baş çəkmişəm və oradakı şərait minimum Avropa standartlarına tam uyğundur. Milli Preventiv Mexanizmin əməkdaşları erməni əsilli şəxslərin saxlanma şəraitinə nəzarət edir və mütəmadi başçəkmələr həyata keçirirlər. Bu yaxınlarda, daha doğrusu sentyabrın 22-dən oktyabrın 2-dək İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin (İQK) üzvləri Azərbaycanda olub və özlərinin seçdikləri azadlıqdan məhrumetmə yerlərində olublar.
Onların həbsinin qanunsuz və özbaşına olması iddiası da yalandır. Xatırladaq ki, 2025-ci il fevralın 17-də BMT-nin İnsan Hüquqları Şurasının Özbaşına Həbslər üzrə İşçi Qrupu Ermənistanın cənab Vardanyanın özbaşına saxlanması ilə bağlı iddiasını rədd edərək, həbsin səlahiyyətli dövlət orqanları tərəfindən sanksiyalaşdıldığını qeyd edib.
Azərbaycanı erməni mənşəli təqsirləndilən şəxslərə işgəncə və ləyaqəti alçaldan davranış və cəzatətbiqində günaladıranların nəzərinə çatdırıram ki, BMT-nin İşgəncələr Əleyhinə Komitəsi cari ilin aprel-may aylarında keçirilmiş 82-ci sessiyasının yekununda qəbul etdiyi “Ümumi xarakterli yekun qeydlərində” Ermənistan tərəfindən azərbaycanlı əsir və girovlara qarşı işgəncə, ləyaqəti alçaldan rəftar və cəzaların geniş tətbiq olunması, habelə Ermənistan dövlətinin bununla bağlı araşdırma aparmadığını və ya cinayət işi başlatmadığını qeyd edib. Sənəddə deyilir:
“Komitə Ermənistan silahlı qüvvələri tərəfindən hərbi əsirlərə və azərbaycanlı etnik və ya milli mənşəli digər müdafiə olunan şəxslərə qarşı törədilmiş beynəlxalq humanitar və insan hüquqlarının kobud şəkildə pozulmasından, o cümlədən məhkəmədənkənar edamları, işgəncələri və digər pis rəftarları əks etdirən videoçarxların lentə alınması və yayılması, cəsədlərin təhqir edilməsi və şikəst edilməsindən narahatdır.
Komitə məhkəmədənkənar edamlar, işgəncə və pis rəftar, beynəlxalq humanitar hüququn digər pozuntuları ilə bağlı iddiaların müstəqil, qərəzsiz, şəffaf və effektiv araşdırılmasının və təqsirkarların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayır”.






