Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi ilə bağlı Komissiyanın onlayn formatda növbəti fokus qrup görüşü keçirilib.
“Görmə qabiliyyəti məhdud olan şəxslərin imza səlahiyyətlərindəki çətinliklər” mövzusuna həsr edilən görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ədliyyə Nazirliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Dövlət Vergi Xidmətinin, “AzInTelecom” MMC-nin nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də görmə məhdudiyyəti olan şəxslər iştirak ediblər.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri, Komissiyanın sədri Vüqar Behbudov bildirib ki, görmə məhdudiyyəti olan şəxslərin rəqəmsal mühitdə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması yalnız imza hüququnun təmin edilməsi ilə məhdudlaşmamalıdır. Bu istiqamətdə elektron xidmət və məhsulların əlçatanlığını təmin edən sistemli yanaşmanın tətbiqi vacibdir. Sədr qeyd edib ki, fokus qrup görüşləri və onlayn sorğuların nəticələri əsasında aidiyyəti dövlət qurumları və digər maraqlı tərəflərlə birgə vahid strategiyanın hazırlanması istiqamətində iş aparılacaq.
Müzakirələr zamanı müvafiq kateqoriyadan olan şəxslərin notariat orqanlarında və banklarda öz imzalarının qəbul edilməməsi, sənədlərlə müstəqil tanış olmaq imkanlarının məhdudluğu, bəzi hallarda imza prosesində üçüncü şəxsin iştirakının tələb edilməsi və bunun şəxsi məlumatların məxfiliyinə yaratdığı risklər diqqətə çatdırılıb.
Müzakirələrdə sənədlərin şəxslərin fərdi ehtiyaclarına uyğun olaraq elektron mətn, Brayl əlifbası, iri şrift və audio formatlarda təqdim edilməsi, fiziki imzanın müstəqil atılması üçün xüsusi şablonlardan istifadə, eləcə də elektron imza və biometrik identifikasiya sistemlərində alternativ həllərin tətbiqi məsələləri nəzərdən keçirilib.
AzInTelecom MMC-nin nümayəndəsi görmə məhdudiyyəti olan şəxslər üçün alternativ biometrik identifikasiya mexanizminin hazırlandığını, identifikasiyadan standart qaydada keçməkdə çətinlik yaranan hallarda isə xidmət şəbəkəsində manual identifikasiya imkanından istifadə edildiyini bildirib.
Bununla yanaşı, SİMA və ASAN İmza sistemlərində alternativ identifikasiya imkanlarının genişləndirilməsi, MyGov platforması üzərindən sənədlərlə əlçatan formatda tanışlıq və elektron imzadan müstəqil istifadə imkanlarının yaradılması təklif olunub.










