2026-cı il noyabrın 5–6-da Gəncə şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumu keçirilib.

Forumun iştirakçılarından biri olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc tədbirlə bağlı fikirlərini bölüşüb.

“Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumunu vətəndaş cəmiyyətinin inkişafında yeni yanaşmaların müzakirəsi baxımından əhəmiyyətli platforma hesab edirəm. Forumun gündəliyində yer alan rəqəmsallaşma və süni intellekt, milli maraqların müdafiəsi, eləcə də WUF13 irsinin QHT təşəbbüslərində davam etdirilməsi mövzuları müasir vətəndaş cəmiyyətinin qarşısında dayanan əsas vəzifələri əks etdirir.

Müasir dövrdə QHT-lərin fəaliyyəti yalnız ənənəvi layihələrin həyata keçirilməsi və ictimai tədbirlərin təşkili ilə məhdudlaşmamalıdır. Rəqəmsal texnologiyalardan, sosial media imkanlarından və süni intellekt alətlərindən səmərəli istifadə artıq institusional inkişafın vacib şərtinə çevrilib. QHT-lər həm fəaliyyət göstərməyi, həm də gördükləri işin nəticələrini cəmiyyətə düzgün təqdim etməyi bacarmalıdırlar”, – deyə Vüqar Oruc bildirib.

O qeyd edib ki, milli maraqların müdafiəsi istiqamətində vətəndaş cəmiyyətinin üzərinə xüsusi məsuliyyət düşür. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, milli dəyərlərin qorunması, informasiya məkanında obyektiv mövqenin formalaşdırılması və ictimai həmrəyliyin gücləndirilməsi QHT-lərin fəal iştirakını tələb edir.

“Bu fəaliyyət emosional bəyanatlardan daha çox peşəkarlığa, faktlara, ardıcıllığa və konkret nəticələrə əsaslanmalıdır. WUF13 irsinin QHT təşəbbüslərində yaşadılması da mühüm perspektivlər açır. Beynəlxalq tədbirlərin əhəmiyyəti yalnız onların keçirilməsi ilə ölçülməməli, əldə olunan təcrübə sonrakı dövrdə şəhərsalma, dayanıqlı inkişaf, ətraf mühit və icma təşəbbüsləri kimi istiqamətlərdə davam etdirilməlidir”, – deyə o vurğulayıb.

Vüqar Oruc forumun Gəncədə keçirilməsinin regional QHT-lərin potensialının üzə çıxarılması baxımından da əhəmiyyətli olduğunu bildirib.

“Vətəndaş cəmiyyətinin inkişafı paytaxtla məhdudlaşmamalı, bölgələrdə fəaliyyət göstərən təşkilatların təşəbbüslərinə daha geniş imkanlar yaradılmalıdır. Çünki yerli problemləri yaxından bilən və icmalarla birbaşa təmasda olan QHT-lər sosial inkişaf prosesinə mühüm töhfə verə bilərlər.

Mənim qənaətimə görə, Azərbaycan QHT sektorunun qarşısında keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid vəzifəsi dayanır. Bu mərhələdə əsas meyar təşkilatların sayı deyil, onların institusional gücü, peşəkarlığı, əməkdaşlıq imkanları və cəmiyyətə verdikləri real fayda olmalıdır”, – deyə iqtisadçı-ekspert qeyd edib.

O, müxtəlif bölgələrdən olan QHT nümayəndələrinin ortaq müzakirə və əməkdaşlıq platformasında bir araya gəlməsini forumun əhəmiyyətli nəticələrindən biri kimi qiymətləndirib.

“Forumların həqiqi nəticəsi orada səsləndirilən ideyaların konkret layihələrə, yeni tərəfdaşlıqlara və davamlı təşəbbüslərə çevrilməsi ilə müəyyən olunacaq. İnanıram ki, müasir Azərbaycan QHT-si dəyişən dünyanın çağırışlarını düzgün qiymətləndirən, milli maraqlara həssas yanaşan, innovativ imkanlardan istifadə edən və ölkəmizin ictimai inkişafına real töhfə verən institusional qüvvə kimi formalaşmalıdır”, – deyə Vüqar Oruc fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) fəxri prezidenti və AQC İdarə Heyətinin üzvüdür.