Brüssel şəhərində Azərbaycan icmasına həsr olunmuş beynəlxalq konfransda Ukraynalı ictimai fəal və “Ukrainian Voices RC” təşkilatının təsisçisi Alina Kokhanko da iştirak edib.
QHT.az xəbər verir ki, bu barədə Alina Kokhanko öz sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımında müvəqqəti müdafiə statusu alan şəxs kimi təcrübəsini və Brüsseldə, eləcə də Avropanın müxtəlif ölkələrində ukraynalılar üçün həyata keçirdiyi layihələr barədə məlumat verib.
Kokhanko bildirib ki, tədbir müxtəlif regionlarda məcburi köçkünlüyün insan həyatı və cəmiyyətlərə təsirini araşdırmaq məqsədi daşıyıb:
“Müzakirələr zamanı məcburi miqrasiyanın cəmiyyətləri necə dəyişdirdiyini, sosial birliyi necə pozduğunu və sülh quruculuğu, dayanıqlı inkişaf üçün hansı çətinliklər yaratdığını müzakirə etdik. Qarşılıqlı dəstək və təcrübə mübadiləsi real dəyişikliklər yaradır.”
Qeyd edək ki, tədbir “Qadın İslahatçılar və İnnovasiyalar” İctimai Birliyinin və Vüsalə Hüseynlinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qərbi Azərbaycanlıların hüquqularının beynəlxalq platformalarda müdafiəsi” layihəsi çərçivəsində baş tutub.






