Zəfərimizin altıncı ildönümü ərəfəsində Azərbaycanın qədim şəhəri, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib.

Forumun iştirakçılarından biri olan Bəhram Nəsibov yaradıcılığının təbliği İctimai Birliyinin sədri Adil Bəhram oğlu Nəsibov tədbirlə bağlı təəssüratlarını bölüşüb.

“Belə bir əhəmiyyətli tədbirə dəvətə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığımı bildirmək istəyirəm. Foruma qatılmaq mənə bir neçə istiqamətdə yeni təcrübələr qazandırdı. Eyni ali məqsədə xidmət edən qurumlarla kütləvi səfərlər, ziyarətlər və yarışlarda iştirak öyrədərək öyrənməyin dəyərini bir daha əyani şəkildə göstərdi”, – deyə Adil Nəsibov bildirib.

O qeyd edib ki, Vətənin azadlığı uğrunda sağlamlığını itirmiş qazilərin futbol yarışında iştirakı əlilliyin əngəl olmadığını bir daha nümayiş etdirib.

“Forum çərçivəsində daim həsrətlə gözlədiyim əsl tənqidi eşitməkdən məmnun qaldım. Mən tənqid dedikdə yalnız çatışmazlıqların göstərilməsini deyil, həm də onların həlli yollarının axtarılmasını və təklif edilməsini nəzərdə tuturam. Əsl tənqiddəki qayğını bir daha görərək yaradıcılığa kökləndim”, – deyə o vurğulayıb.

Adil Nəsibov forumun ona böyük təcrübə qazandırdığını, tədbirdən sonra keçirilən təntənəli Zəfər konsertinin də yaddaqalan olduğunu bildirib:

“Konsertdə səmimiyyətin rəsmiyyət üzərində zəfər çalması gələcəkdə təşkil edəcəyim konsert proqramlarının təşkili baxımından mənim üçün növbəti təcrübə oldu. Konsert proqramında ifa edilən mahnılardan birindəki fikrə kiçik bir əlavə etmək istəyirəm: Gəncədən gəlirəm, yüküm TƏCRÜBƏ”.

O, qazandığı təcrübələri özünü dolan buluda bənzədərək fikirlərini bu il 120 illiyi dövlət səviyyəsində qeyd olunan dahi şair Səməd Vurğunun misraları ilə tamamlayıb:

“Dolan bulud boşalacaq,
Bu hökmüdür təbiətin”.