"5-6 noyabr 2026-cı il tarixlərində Gəncə şəhərində keçirilən Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumunda 400-dən artıq QHT nümayəndəsinin əməkdaşlığı nümayiş olundu. İlk növbədə, Dövlət Başçısının vətəndaş cəmiyyətinə göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndirir, minnətdarlığımı bildirirəm".

Bu fikirləri "Muğan Düzü" Sosial İnkişaf İctimai Birliyin Sədri Vidadi Quliyev QHT.az-a açıqlamasında bildirib.

Vidadi Quliyev Forumun yüksək səviyyədə təşkil olunduğunu bildirib:

400-dən artıq QHT nümayəndəsini bir araya gətirən Forum yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirin təşkilinə və QHT nümayəndələrinə göstərilən diqqətə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin rəhbərliyinə və kollektivinə təşəkkür edirəm.

V.Quliyevin sözlərinə görə, Forum çərçivəsində tarixi və müqəddəs məkanlar ziyarət edilib:

Forumun proqramı çərçivəsində ilk olaraq böyük Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etdik. Daha sonra Gəncə Memorial Kompleksində şəhid olmuş mülki insanların xatirəsini yad etdik.

Vidadi Quliyev panel müzakirələrində aktual məsələlərin diqqət mərkəzində olduğunu vurğulayıb:

Panel müzakirələrində günün tələblərinə uyğun aktual məsələlər, milli maraqların müdafiəsi, rəqəmsallaşma, beynəlxalq əməkdaşlıq və vətəndaş cəmiyyətinin inkişafı müzakirə olundu.

Sədr mina qurbanlarının iştirakı ilə keçirilən futbol oyunundan və şəhid övladlarının ifasından duyğulandığını bildirib:

Həmçinin mina qurbanlarının iştirakı ilə keçirilən amputant futbol oyununu izlədik. Xüsusilə Zəfərimizi bizə qazandıran şəhidlərimizin övladlarının ifası məni çox duyğulandırdı.

V.Quliyev Forumun mühüm məqamlarından birinin Prezident İlham Əliyevə müraciətin qəbul edilməsi olduğunu qeyd edib:

Forumun mühüm məqamlarından biri də iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətin qəbul edilməsi oldu. Bu müraciət QHT nümayəndələrinin dövlətə və milli maraqlarımıza bağlılığının, həmrəyliyinin ifadəsi idi.

Vidadi Quliyev Gəncə Forumunun QHT-lər arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyini bildirib:

Gəncədə keçirilən bu Forum QHT-lər arasında birlik, həmrəylik və əməkdaşlığın gücləndirilməsi baxımından yaddaqalan oldu.

Vətəndaş cəmiyyətimizin birliyi və həmrəyliyi daim möhkəm olsun!

Muğan Düzü Sosial İnkişaf İctimai Birliyinin sədri Agentliyin rəhbərliyinə və kollektivinə xüsusi təşəkkürünü ifadə edib:

Muğan Düzü Sosial İnkişaf İctimai Birliyi və İdarə Heyətinin üzvləri adından QHT-lər arasında əməkdaşlığın möhtəşəm, yüksək səviyyədə və yaddaqalan təşkilinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin Sədri Aygün Əliyeva və kollektivinə xüsusi təşəkkürümüzü bildiririk!

Fatimə Nəbiyeva