“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.
QHT.az xəbər verir ki, tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Aynur Sabitova qızların təhsil almasının və maariflənməsinin cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb:
“5 il tələbə olmuşam, sonrakı illəri isə pedaqoji fəaliyyətlə məşğul olmuşam. Hamı bilir ki, Dillər Universiteti uzun illər qızların üstünlük təşkil etdiyi ali məktəb olub. Sonradan beynəlxalq münasibətlər fakültəsi açıldıqdan sonra oğlan tələbələr də təhsil almağa başladı. Amma ümumilikdə, biz oxuduğumuz dövrlərdə bu təhsil ocağında əsasən qızlar üstünlük təşkil edirdi. Bu gün Azərbaycan Dillər Universiteti yalnız bir təhsil ocağı deyil, eyni zamanda geniş imkanlar yaradan dinamik bir inkişaf məkanıdır. Universitetimizdə tələbələrin elmi, peşəkar və şəxsi inkişafı üçün müxtəlif istiqamətlərdə mühüm işlər görülür. Tədrisin keyfiyyətinin yüksəldilməsi, xarici dillərin daha müasir metodlarla tədrisi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, tələbələrin beynəlxalq proqram və layihələrdə iştirak imkanlarının artırılması, həmçinin mədəni və sosial fəaliyyətlərin zənginləşdirilməsi bu işlərin əsasını təşkil edir. Bu cür layihələr sayəsində tələbələr yalnız nəzəri biliklərlə kifayətlənmir, həm də qlobal dünyada rəqabətədavamlı mütəxəssis kimi formalaşırlar. Universitetimizdə aparılan bu ardıcıl işlər həm müəllimlərə, həm də tələbələrə böyük motivasiya verir.”
Professor qeyd edib ki, qız uşağının maariflənməsi tək bir fərdin deyil, bütöv bir cəmiyyətin inkişafına təsir edir:
“Maariflənmiş bir qız — gələcəyin güclü qadını, güclü ailəsi və sağlam cəmiyyətidir. Belə layihələrdə hər bir təşəbbüs çox şeyi dəyişə bilər. Cəmiyyətin tərəqqisində hər bir fərdin rolu böyükdür".
Aynur Sabitova həmçinin müasir dövrdə texnologiyanın sosial münasibətlərə təsirinə də toxunub:
“Bizdə təhsil sistemi, dərslər normal şəkildə keçirilir, amma smartfonlar və texnologiya uşaqları real həyatdan uzaqlaşdırır. Canlı ünsiyyət və emosional təmas olmayınca problemlər qaçılmazdır. Günümüzün çoxu sosial şəbəkələrdə keçir və bu enerjimizi alır. Layihənin əhəmiyyətini yüksək qiymətləndirirəm, təşkilatın sədri Elnurə Abuşovaya təşəkkür edirəm. Elnurə xanımın bu layihəsi cəsarətli addımdır. Xüsusilə bölgələrdə bu sahədə maarifləndirmə işlərinə ehtiyac böyükdür. Bu görüş layihənin başlanğıcı olsa da, əslində gələcək uğurların təməlidir".
Pərvanə Fərhadqızı






