Bakı Bilim Mərkəzində və “Metropark”da qız və oğlan uşaqları üçün kino və əyləncə proqramı keçirilib.

QHT.az xəbər verir ki, uşaqların sosial inkişafı, asudə vaxtının səmərəli təşkili və mənəvi rifahının gücləndirilməsi məqsədilə 4 oktyabr 2025-ci il tarixində Bakı Bilim Mərkəzində və “Metropark”da qız və oğlan uşaqları üçün maarifləndirici kino və əyləncəli oyunlar təşkil olunub.

Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyindən verilən məlumata görə, proqram çərçivəsində uşaqlar əvvəlcə maarifləndirici təlimdə iştirak edib, daha sonra “Metropark” kinoteatrında film nümayişinə baxıblar. Tədbirdə xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin övladları da iştirak ediblər. Onlar üçün əlavə əyləncəli oyunlar, interaktiv fəaliyyətlər və hədiyyələr təqdim olunub.

Bu təşəbbüs uşaqlarda həm bilik və yaradıcılıq bacarıqlarını artırmaq, həm də onların özünəinamını və sosial ünsiyyət vərdişlərini gücləndirmək məqsədi daşıyır. Tədbir boyunca uşaqlar sevinc dolu anlar yaşayıb, həmyaşıdları ilə dostluq münasibətləri qurublar.

Qeyd olunub ki, 11 oktyabr – Ümumdünya Qız Uşaqları Günü münasibətilə daha geniş tədbir keçiriləcək. 4 oktyabr kino proqramında iştirak edən bütün uşaqlar həmin tədbirdə də iştirak edəcək, sertifikatlarla və xatirə hədiyyələri ilə təltif olunacaqlar. Bu proqram yalnız bir günlük tədbir deyil, davamlı sosial dəstək təşəbbüsünün bir hissəsidir. Bu uşaqların hamısı yaxın zamanda müayinə və müalicə xidmətlərinə, pulsuz kurslara və idman oyunlarına cəlb olunacaqlar. Bu fəaliyyətlər onların sağlam həyat tərzi, psixoloji rifahı və təhsil imkanlarının genişləndirilməsinə yönəlib.

QHT Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına dəstək göstərən bütün könüllülərə, müəllimlərə, valideynlərə və tərəfdaş qurumlara dərin minnətdarlığını, uşaqların xoşbəxtliyi və sağlam gələcəyi naminə birgə səylərini davam etdirəcəklərini bildirib.