“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı DOST TV-də yayımlanan “Ekspert rəyi” verilişində qonaq olub. Verilişdə surdotərcümə xidmətləri və eşitmə və nitq məhdudiyyətli şəxslərin sosial inteqrasiyası mövzusu ətrafında geniş müzakirələr aparılıb.
QHT.az-a açıqlamasında Cəmilə Çingizqızı bildirib ki, aparıcı Şahin Əliyevin sualları və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Nicat Abbasbəylinin fikirləri ilə birlikdə sahədəki mövcud vəziyyət, problemlər və gələcək istiqamətlər diqqət mərkəzində olub.
Onun sözlərinə görə, əsas müzakirə olunan məsələlər bunlar olub:
-
Surdotərcümə xidmətlərinin mövcud durumu və inkişaf ehtiyacları;
-
Tərcüməçilərin çatışmazlığı və xidmətlərin əlçatan olmaması;
-
Maarifləndirmə və ictimai dəstəyin gücləndirilməsinin vacibliyi;
-
Davamlı layihələr və dövlət–ictimai əməkdaşlığın genişləndirilməsi.
Cəmilə Çingizqızı qeyd edib ki, belə müzakirələr eşitmə və nitq məhdudiyyətli şəxslərin sosial həyatda tam iştirakını təmin etmək üçün mühüm addımdır. Onun fikrincə, surdotərcümə xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin artırılması bu kateqoriyadan olan şəxslərin informasiya əldəetmə hüququnun qorunması baxımından da vacibdir.
Sonda o, DOST TV-yə və proqram komandasına təşəkkürünü bildirib və vurğulayıb ki, bu kimi təşəbbüslər ictimai diqqətin artmasına və gələcəkdə konkret addımların atılmasına təkan verir.






