“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində keçirilən maarifləndirici tədbirdə çıxış edən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qızların təhsilinə dəstəyin geniş ictimai əməkdaşlıq tələb etdiyini bildirib.
QHT.az xəbər verir ki, Cəsarət Hüseynzadə öz çıxışında qız uşaqlarının maarifləndirilməsi prosesində yalnız dövlət qurumlarının deyil, özəl sektorun və yerli sahibkarların da fəal iştirakının vacibliyini vurğulayıb:
“Mən hər dəfə qeyd edirəm ki, özəl sektor və yerli sahibkarlar da bu işə cəlb olunmalıdır. Bu, həm dövlətin yükünü azaldar, həm də sosial məsuliyyət hissinin artmasına gətirib çıxarar. Hər bir rayonun öz iş adamları var. Məsələn, Masallıda qızların təhsilinə dəstək fondu fəaliyyət göstərir və bu, çox müsbət haldır. Arzuolunandır ki, digər rayonlarda da bu təcrübə tətbiq olunsun.”
QHT sədri yerli icra hakimiyyətlərinin bu istiqamətdə fəaliyyətini qeyri-kafi hesab etdiyini qeyd edib:
“Təəssüf ki, yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyəti yarıtmazdır. Məncə, bu qurumlara daha çox məsuliyyət yüklənməli, onların üzərinə ictimai təzyiq olmalıdır. Hazırda regionlarda vətəndaş iştirakçılığı zəifdir. Bu amillər birbaşa şəkildə erkən nikah hallarına da təsir edir. Tədbirin təşkilatçıları və layihə komandası üzvlərinə təşəkkürümü bildirirəm. İlk tədbir üçün müxtəlif dövlət qurumlarını, vəkilləri, mediatorları və media nümayəndələrini bir araya gətirmək böyük hünərdir. Bu, illərlə qazandığınız hörmət və düzgün kommunikasiya sayəsində mümkün olub. Bu, layihənin ən uğurlu nəticələrindən biridir.”
Sonda Cəsarət Hüseynzadə bildirib ki, tədbirdə səsləndirilən təkliflər layihənin yekun hesabatında əks olunmalıdır:
“Bu gün həmkarlarımız tərəfindən çox dəyərli təkliflər səsləndirildi. Düşünürəm ki, onların hamısı nəzərə alınmalı və layihənin yekun hesabatına daxil edilməlidir. Uğurlar arzulayıram və bu təşəbbüsü yüksək qiymətləndirirəm.”
Pərvanə Fərhadqızı
QHT.az






