Son illərdə Azərbaycanda da daha çox istifadə olunmağa başlayan pikan qozu yalnız özünəməxsus dadı ilə deyil, sağlamlıq üçün faydaları ilə də diqqət çəkir.
QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislərin fikrincə, bu çərəz yüksək antioksidant tərkibi, faydalı yağları və zəngin lif miqdarı ilə gündəlik qidalanmada yer ala biləcək məhsullardan biridir. Xüsusilə ürək-damar sağlamlığının qorunmasında pikan cevizinin faydalı ola biləcəyi bildirilir.
Araşdırmalara əsasən, gündəlik 30-60 qram pikan qozu istehlakı qanda ürək-damar xəstəlikləri ilə əlaqələndirilən “pis” xolesterinin (LDL) səviyyəsinin azalmasına kömək edə bilər.
Bu təsirdə pikan qozu tərkibindəki beta-sitosterol və E vitamininin formalarından biri olan qamma-tokoferolun mühüm rol oynadığı qeyd edilir. Beta-sitosterol bağırsaqlarda xolesterinin sorulmasını azaltmağa, qamma-tokoferol isə orqanizmdə oksidləşdirici proseslərə qarşı mübarizəyə kömək edir.
Bundan əlavə, pikan cevizindəki lif həzm sisteminin normal fəaliyyətini dəstəkləyir. Antioksidantlarla zəngin olması isə hüceyrələrin oksidləşdirici stressdən qorunmasına töhfə verə bilər.
Lakin pikan qozu yüksək kalorili məhsul olduğu da nəzərə alınmalıdır. Bu səbəbdən onu həddindən artıq deyil, ölçülü şəkildə istehlak etmək tövsiyə olunur. Xüsusilə duzlu, şəkərli və müxtəlif əlavələrlə hazırlanmış məhsullar əvəzinə təbii pikan qozu üstünlük vermək daha məqsədəuyğundur.
Mütəxəssislər sağlam qidalanmanın yalnız bir məhsuldan asılı olmadığını, müxtəlif və balanslı qidalanma ilə birlikdə fiziki aktivliyin də vacib olduğunu vurğulayırlar.












