Atmosfer tozlarının yaranmasının səbəbləri çoxdur. Təbii proseslərlə yanaşı, istehsal və tikinti fəaliyyəti də havaya müxtəlif toz hissəciklərinin yayılmasına səbəb olur. Bakı şəhərində ekoloji tələblərə əməl edilməyən, tikinti və istetehsal sahələrində yaranan toz, küləklə ətrafa yayılaraq nəfəs aldığımız havaya qarışır. Bu səbəbdən ekoloji normalara əməl olunması həm təbiətin, həm də insan sağlamlığının qorunması üçün vacibdir.

Atmosfer tozları gözlə həmişə görünməsə də, həyatımızın ayrılmaz hissəsi olan havanın tərkibində daim hərəkətdədir. Onların yaranma mənbələri isə müxtəlifdir: təbii proseslər, külək və deflasiya ilə torpaqdan havaya qalxan mineral hissəciklər, müxtəlif planetlərdən yer atmosferinə daxil olan meniral tozlar, bitki sporları, eləcədə insan fəaliyyəti nəticəsində atmosferə yayılan tozlar. Bu mənbələr arasında istehsal və tikinti proseslərinin yaratdığı çirklənmə xüsusi diqqət tələb edir.

Xüsusilə Bakı kimi intensiv tikinti və sənaye fəaliyyətinin olduğu şəhərlərdə ekoloji tələblərə əməl edilmədikdə problem daha da aktualdır. Tikinti materiallarının açıq ərazilərdə saxlanması, torpaq və qumun küləklə ətrafa yayılması, söküntü işləri zamanı lazımi qabaqlayıcı tədbirlərin görülməməsi, atmosferə əlavə toz yükü gətirir. Nəticədə həmin hissəciklər küləyin təsiri ilə yayılaraq insanların nəfəs aldığı havaya qarışır. Məsələ yalnız tikinti sahəsinin hüdudları ilə məhdudlaşmır. Söhbət şəhərin ümumi hava keyfiyyətindən və insanların sağlam mühitdə yaşamaq hüququndan gedir. Ona görə də istehsal və tikinti proseslərində ekoloji tələblərə formal deyil, məsuliyyətlə yanaşılmalıdır.

Təmiz hava yalnız təbiətin deyil, cəmiyyətin də ortaq sərvətidir.

“Mühit”Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev