"Ötən bazar günü Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin qələbə qazanması regionun gələcək siyasi mənzərəsi baxımından mühüm əhəmiyyət daşıyır".
Bu sözləri QHT.az-a dəyərləndirməsində “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.
Onun sözlərinə görə, bu seçkilər revanşist qüvvələrlə sülh tərəfdarları, eləcə də Qərbin dəstəklədiyi siyasi xəttlə Rusiyanın himayə etdiyi qüvvələr arasında ciddi siyasi mübarizə kimi tarixə düşdü: “Seçkinin nəticələri göstərir ki, sülh tərəfdarları qalib gəlib və bu, eyni zamanda Qərbin Ermənistanda Rusiyanın siyasi təsirini, ən azı indiki mərhələdə, zəiflətməsi kimi qiymətləndirilə bilər. Rusiya son ana qədər ona yaxın siyasi qüvvələrin qalib gəlməsi üçün müxtəlif addımlar atsa da, nəticə fərqli olub”.
N. Azəri hesab edir ki, seçkilərin nəticəsindən sonra əsas məsuliyyət artıq Paşinyanın və onun komandasının üzərinə düşür: “Çünki o, seçki kampaniyası dövründə və ondan əvvəl Azərbaycanla daimi sülh sazişinin imzalanacağını, həmçinin Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi istiqamətində referendum keçiriləcəyini bəyan edib. Paşinyan referendum məsələsində bütün detalları açıqlamasa da, sülh gündəliyinə sadiqliyini açıq şəkildə ifadə edib və seçkidən sonra keçirdiyi mətbuat konfransında da bu mövqeyini təkrarlayıb. Hesab edirəm ki, Paşinyanın ilk addımı yeni hökuməti formalaşdırmaq, daha sonra isə Azərbaycanla sülh sazişinin imzalanmasını sürətləndirmək üçün konkret tapşırıqlar vermək və praktiki addımlar atmaq olmalıdır”.
O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan üçün qarşıya qoyulan əsas vəzifələrdən biri cəmiyyəti sülhün və regional əməkdaşlığın alternativsiz olduğuna inandırmaq idi və Paşinyan bu istiqamətdə müəyyən nəticə əldə edib: “Xalqın ona yenidən mandat verməsi də məhz bu siyasətə dəstək kimi qiymətləndirilə bilər. İndi Paşinyan seçkidən əvvəl səsləndirdiyi fikirlərə sadiq olduğunu əməli addımlarla nümayiş etdirməlidir. Ermənistan tərəfi sülh sazişinin imzalanması üçün üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməli, prosesin uzadılmasına imkan verməməlidir”.
Sonda Nadir Azəri qeyd edib ki, Paşinyanın qələbəsi Cənubi Qafqazda uzunmüddətli sabitliyin yaranması üçün yeni imkanlar aça bilər: “Ermənistan uzun illər xarici imperialist güclərin geosiyasi aləti və forpostu kimi çıxış edib, lakin hazırkı seçki nəticələri göstərir ki, ölkə bu modeldən uzaqlaşmaq istiqamətində mühüm addım atmaq üçün siyasi mandat əldə edib. Bir sözlə, xalqın verdiyi dəstək Paşinyan komandası üçün həm böyük imkan, həm də ciddi məsuliyyət yaradır”.
Piranə Xasiyeva












