Süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi uzunmüddətli perspektivdə həm iqtisadi səmərəliliyin yüksəlməsinə, həm də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına mühüm töhfə verəcək.

Bu fikirləri QHT.az-a açıqlamasında Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib.

Onun sözlərinə görə, süni intellektin ağıllı şəhər, ağıllı kənd və e-hökumət layihələrində tətbiqi dövlət xərclərinin azalmasına, resurslardan daha səmərəli istifadəyə və idarəetmə proseslərinin optimallaşdırılmasına imkan yaradır.

“Bu texnologiyalar uzunmüddətli perspektivdə dövlət xidmətlərinin daha operativ və keyfiyyətli şəkildə göstərilməsinə şərait yaradacaq. Eyni zamanda idarəetmədə şəffaflığın və qərarların effektivliyinin artırılmasına xidmət edəcək”, – deyə İ.Hüseynli vurğulayıb.

Ekspert qeyd edib ki, süni intellektin geniş tətbiqi əmək bazarında da ciddi dəyişikliklərə səbəb olacaq. Onun sözlərinə görə, rutin və təkrarlanan inzibati işlərin payı azalacaq, bunun əvəzində rəqəmsal texnologiyalar, məlumat analitikası, kibertəhlükəsizlik və süni intellektin idarə olunması sahələrində ixtisaslaşmış mütəxəssislərə tələbat artacaq.

İ.Hüseynli hesab edir ki, mövcud şəraitdə dövlətlərin əsas vəzifəsi yalnız yeni texnologiyalara investisiya yatırmaqla məhdudlaşmamalıdır.

“Ən vacib məsələlərdən biri əmək bazarının yeni reallıqlara uyğunlaşdırılmasıdır. İnsanların rəqəmsal bacarıqlarının artırılması, yeni peşələrə hazırlanması və innovativ sahələr üzrə kadr potensialının gücləndirilməsi gələcək inkişafın əsas şərtlərindən biridir”, – deyə o əlavə edib.

Cəmilə Məcidova