Dövlət investisiya fondlarının aktivlərinin 2030-cu ilə qədər təxminən 50 faiz artaraq 22,4 trilyon dollara çatacağı gözlənilir. Bu artımda süni intellekt və infrastruktur sahələrinə yönəldilən investisiyaların mühüm rol oynayacağı bildirilir.
QHT.az xarici mediaya istinadən bildirir ki, “PwC” şirkətinin hesabatına əsasən, dünyanın ən böyük dövlət investisiya və pensiya fondları artıq yalnız pul yatırmaqla kifayətlənmir, həm də investisiya etdikləri sahələrin idarə olunmasında fəal iştirak edirlər.
Hesabatda qeyd olunur ki, 2025-ci ildə dövlət investorlarının süni intellekt və rəqəmsallaşma sahələrinə yönəltdiyi təxminən 66 milyard dolların böyük hissəsi ABŞ-ə yatırılıb. Çinə yönəldilən investisiyalar isə təxminən 4 milyard dollar olub.
Xüsusilə Körfəz ölkələrinin fondları ABŞ-ə investisiyalarını artırır. Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin fondları bu istiqamətdə fəallıq göstərir. Səudiyyə Ərəbistanı isə xarici investisiyaları azaltmaqla daxili iqtisadiyyata daha çox vəsait yönəltməyə başlayıb.










