Yaşlı insanlarda yıxılmaq qorxusu sağlamlıq üçün ciddi risk yarada bilər. Mütəxəssislər bildirirlər ki, bu qorxu insanların gündəlik hərəkətlərini məhdudlaşdırır, fiziki aktivliyi azaldır və nəticədə yeni yıxılma ehtimalını daha da artırır.
QHT.az xarici mediaya istinadən bildirir ki, yıxılmalar Avropada ictimai sağlamlıq üçün mühüm problemlərdən biri hesab olunur. Bu hallar yaşlı insanların xəstəxanaya yerləşdirilməsinə, əlilliyə, müstəqil həyat qabiliyyətinin itirilməsinə və hətta vaxtından əvvəl ölümə səbəb ola bilər.
Məqalədə qeyd olunur ki, yaş artdıqca yıxılma nəticəsində xəsarət alma ehtimalı və zədələrin ağırlığı da yüksəlir. Bununla yanaşı, narahatlıq, eşitmə itkisi və hərəkət problemləri kimi amillər yıxılma riskinə təsir etsə də, bir çox insan tərəfindən nəzərə alınmır.
Mövzuya nümunə olaraq 70 yaşlarında olan keçmiş idmançı Ben Melankonun (Ben Melancon) təcrübəsi göstərilir. O, pilləkənlərdən dəfələrlə yıxıldıqdan sonra onlardan istifadə etməkdən qorxmağa başlayıb. Sonuncu yıxılma zamanı sol gözünün yaxınlığında aldığı xəsarətə görə ona doqquz tikiş qoyulub.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqamlardan biri isə yıxılmaq qorxusunun yaratdığı psixoloji və fiziki təsirlərdir. Belə qorxuya görə yaşlı insanlar riskli hesab etdikləri fəaliyyətlərdən uzaqlaşır, daha az hərəkət edir və zamanla əzələ gücünü, eləcə də hərəkət qabiliyyətini itirirlər.
Nəticədə fiziki aktivliyin azalması onların tarazlığını zəiflədir və yenidən yıxılma ehtimalını artırır. Beləliklə, yıxılmaq qorxusu özü də yıxılma riskini gücləndirən amilə çevrilə bilər.
Mütəxəssislər yaşlı insanlarda yıxılma riskinin vaxtında müəyyənləşdirilməsinin və qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar.










