“Nvidia” şirkətinin direktorlar şurası baş direktor Censen Huangın vəzifədən uzaqlaşdırılması məsələsini müzakirə etmək üçün iclas keçirir. Buna səbəb rəhbərin şəxsi həyatı ilə bağlı yayılan məlumatlar və onun Çinlə əlaqəli biznes məsələlərində adının hallanmasıdır.

QHT.az xarici mediaya istinadən bildirir ki, son hadisələr şirkətin idarəetməsi ilə bağlı suallar yaradıb. ABŞ kəşfiyyatının Alice Huang adlı çinli iş qadınının “Nvidia” çiplərinin Çinə göndərilməsində rolunu araşdırdığı bildirilir. Bundan sonra şirkət daxili araşdırmaya başlayıb və hüquqşünasları prosesə cəlb edib.

Məlumatlara görə, Censen Huangın mümkün istefası şirkətdə ciddi rəhbərlik boşluğu yarada bilər. Çünki onun yerinə keçəcək aydın namizəd hələ müəyyən edilməyib. Şirkətin maliyyə direktoru Kolet Kress müvəqqəti rəhbər kimi mümkün namizədlərdən biri hesab olunur.

Bu xəbərlərdən sonra “Nvidia” səhmlərinin qiyməti birjalarda kəskin düşüb. Şirkətin növbəti maliyyə hesabatını noyabrın 17-də açıqlaması gözlənilir.