Noyabrın 6-da Gəncə şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumu keçirilib. Forum çərçivəsində təşkil olunan “WUF13 irsi QHT təşəbbüslərində” adlı panel müzakirəsində vətəndaş cəmiyyətinin dayanıqlı və inklüziv şəhərsalma prosesində rolu, eləcə də WUF13-ün yaratdığı imkanlar müzakirə olunub.
QHT.az xəbər verir ki, panel müzakirəsində çıxış edən Qlobal Cənub QHT Platformasının baş katibi Fuad Kərimli 2026-cı ilin Prezident İlham Əliyev tərəfindən “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb.
O qeyd edib ki, bu qərar Bakının müasirləşdirilməsi, işğaldan azad edilmiş ərazilərdə ağıllı, yaşıl və davamlı icmaların qurulması, tarixi irsin qorunması və insan yönümlü inkişaf istiqamətində həyata keçirilən təşəbbüsləri əhatə edən genişmiqyaslı yol xəritəsidir.
Fuad Kərimli bildirib ki, Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) və onun çərçivəsində ilk dəfə təşkil olunan WUF13 QHT Forumu Azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq dialoqda iştirak imkanlarını nümayiş etdirib. Onun sözlərinə görə, bu tədbirlər QHT-lərin beynəlxalq şəhərsalma gündəliyində fəal iştirakına şərait yaradıb.
Qlobal Cənub QHT Platformasının WUF13 çərçivəsində üzərinə mühüm məsuliyyət götürdüyünü diqqətə çatdıran baş katib inkişaf etməkdə olan, xüsusilə də ən az inkişaf etmiş ölkələrin vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq şəhərsalma prosesində iştirakının genişləndirilməsinin əsas məqsədlərdən biri olduğunu bildirib.
O qeyd edib ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən platformaya ayrılmış 70 kvadratmetrdən çox sahəsi olan xüsusi tədbir məkanında 30-dan artıq yan tədbir keçirilib. Həmin tədbirlərdə beynəlxalq ekspertlər, yerli mütəxəssislər, şəhərsalma memarları və diplomatlar bir araya gəlib.
Fuad Kərimlinin sözlərinə görə, Gəncədə keçirilən panel müzakirəsi WUF13-ün irsinin yalnız beynəlxalq səviyyədə deyil, həm də milli və regional müstəvidə davam etdiyini göstərib. O vurğulayıb ki, forumun nəticələri QHT-lərin şəhərsalma təşəbbüslərinə və innovativ yanaşmalarına təkan verir.
Qeyd olunub ki, Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumu vətəndaş cəmiyyətinin dayanıqlı və inklüziv şəhərsalma prosesində iştirakının gücləndirilməsi baxımından mühüm müzakirə platforması olub.










