Ermənistanda keçirilən son seçkilər və Baş nazir Nikol Paşinyanın siyasi mövqeyinin güclənməsi Cənubi Qafqazda sülh prosesinin davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri QHT.az-a açıqlamasında Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli səsləndirib.

Onun sözlərinə görə, Paşinyanın hakimiyyəti dövründə Azərbaycan mühüm strateji uğurlar əldə edib. Ekspert qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə, antiterror tədbirlərinin uğurla başa çatdırılması və Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması regionda yeni siyasi reallıqlar yaradıb.

İ.Hüseynli bildirib ki, Qarabağda separatizmin aradan qaldırılması, erməni silahlı birləşmələrinin bölgədən çıxması və daha sonra Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi ölkənin suverenliyinin tam təmin olunmasına şərait yaradıb.

Ekspertin fikrincə, sonrakı mərhələdə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin formalaşması, sülh sazişi istiqamətində aparılan danışıqlar, eləcə də Zəngəzur dəhlizi ilə bağlı müzakirələr regionda yeni geosiyasi mərhələnin başlanğıcını qoyub.

“Bu proseslərin böyük hissəsi məhz Nikol Paşinyanın Ermənistan rəhbərliyi dövründə baş verib. Ona görə də revanşist qüvvələrin, xüsusilə keçmiş Qarabağ klanının yenidən hakimiyyətə qayıtmasının qarşısının alınması regionda sülhün qorunması baxımından vacibdir”, – deyə o vurğulayıb.

İ.Hüseynli hesab edir ki, Ermənistanda keçirilən seçkilər demokratik institutların formalaşması baxımından da diqqət çəkir. Onun sözlərinə görə, seçkilərdə müxalif qüvvələrin parlamentdə təmsil olunması və prosesin ümumilikdə demokratik prinsiplər əsasında keçirilməsi region ölkələri üçün mühüm mesajdır.

Ekspert əlavə edib ki, bu tendensiya gələcəkdə Cənubi Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın Avropa inteqrasiyası istiqamətində atdığı addımların güclənməsinə müsbət təsir göstərə bilər. O, regionda sülh və əməkdaşlığın artıq geri dönüşü olmayan bir mərhələyə qədəm qoyduğunu qeyd edib.

Zəhra Ağayeva