2026-cı il Qlobal Aclıq İndeksinə (GHI) əsasən, dünyada aclığın aradan qaldırılması istiqamətində irəliləyiş zəifləyib. Bu vəziyyət yalnız milyonlarla insanın ərzaq çatışmazlığı ilə üzləşməsi deyil, həm də qlobal təhlükəsizlik baxımından ciddi problem hesab olunur.

QHT.az xarici mediaya istinadən bildirir ki, hesabatda dünyada təxminən 645 milyon insanın kifayət qədər qidalanmadığı qeyd olunur. Bu ilki hesabatın əsas mövzusu “Ərzaq təhlükəsizliyi olmadan təhlükəsizlik mümkün deyil” fikridir.

Avropa İttifaqı humanitar və inkişaf yardımlarının təhlükəsizlik məsələləri ilə daha sıx əlaqələndirilməsini təklif edir. Lakin bu yanaşma bütün humanitar təşkilatlar tərəfindən dəstəklənmir.

Brüsseldə hesabatın təqdimatı zamanı QHT-lər və Avropa İttifaqının nümayəndələri yardımların daha əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Bununla yanaşı, təhlükəsizliyin yardım siyasətində əsas prioritet olub-olmaması ilə bağlı fikir ayrılıqları yaranıb.