"'Regional təhlükəsizliyi təhdid edən, media etikası və jurnalist peşəkarlığı prinsiplərinə zidd formada məlumat yayaraq ictimai rəyi çaşdırmağa çalışan CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik' - bu fikirlər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 5 iyun 2026-cı il tarixdə verdiyi açıqlamada səslənmişdir. Qeyd edək ki, 5 iyun 2026-cı il tarixində CNN özünün uydurduğu “mənbələrə” istinad edərək İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddiaların yer aldığı material yayımlayıb. Bu ittihamlar anonim mənbələrə istinadən irəli sürülüb, lakin iddiaları təsdiqləyən hər hansı konkret sübut, rəsmi sənəd və ya obyektiv fakt təqdim edilməyib".
Bu fikirləri “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri, Əməkdar Mədəniyyət İşçisi Elmira Mehdiyeva QHT.az-a açıqlamasında bildirib.
Elmira Mehdiyeva bildirib ki, Azərbaycan bu ittihamları tamamilə əsassız hesab edir: "Azərbaycan tərəfi xəbərin dərc olunduğu gün bu ittihamları qəti şəkildə rədd edib. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü və digər rəsmi qurumlar bəyan ediblər ki, ölkə ərazisinin üçüncü dövlətlərə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya düşmənçilik məqsədləri üçün istifadə olunmasına heç vaxt icazə verilməyib və verilməyəcək. CNN-in materialı uydurma mənbələrə əsaslanır və dezinformasiya xarakter daşıyır. CNN Azərbaycan tərəfinin mövqeyini bildiyi halda əsassız iddiaları yayımlamaqla peşəkar etika normalarını pozur".
E.Mehdiyevanın sözlərinə görə, Azərbaycanın xarici siyasətinin əsas prinsipi balans və qarşılıqlı hörmətdir: "Qeyd edilməlidir ki, Azərbaycan uzun illərdir regionda balanslaşdırılmış xarici siyasət yürüdür və qonşu dövlətlərlə münasibətlərdə ərazi bütövlüyünə və suverenliyə hörmət prinsipini əsas götürür. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, onun ərazisi heç bir ölkəyə qarşı istifadə edilə bilməz. Bu prinsip həm regional təhlükəsizlik siyasətində, həm də beynəlxalq öhdəliklərdə öz əksini tapır".
Sədr vurğulayıb ki, həssas mövzularda yalnız təsdiqlənmiş məlumatlara istinad edilməlidir: "Media qurumlarının münaqişə və müharibə şəraitində yayımladıqları məlumatlar xüsusi məsuliyyət tələb edir. Anonim və yoxlanılmamış mənbələrə əsaslanan iddialar ictimai rəyi çaşdırmaqla yanaşı, dövlətlərarası münasibətlərə də mənfi təsir göstərə bilər. Buna görə də belə həssas mövzularda hər hansı məlumat yalnız təsdiqlənmiş faktlar və etibarlı sübutlar əsasında təqdim olunmalıdır".
Elmira Mehdiyeva qeyd edib ki, CNN-in iddiaları təsdiqlənməyib və onların obyektivliyi sual doğurur: "Nəticə etibarilə, CNN-in 5 iyun 2026-cı il tarixli materialında irəli sürülən iddialar Azərbaycan tərəfindən qəti şəkildə təkzib olunub və bu iddiaları təsdiq edən hər hansı açıq sübut təqdim edilməyib. Mövcud faktlar göstərir ki, sözügedən məlumatlar təsdiqlənməmiş mənbələrə əsaslanır və onların obyektivliyi ciddi suallar doğurur".
Fatimə Nəbiyeva












