“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Koreya Respublikasının maliyyə dəstəyi ilə “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması” adlı yeni layihənin icrasına başlayıb.

İctimai Birliyin sədri Hafiz Səfixanov QHT.az-a açıqlamasında bildirib ki, layihə Koreya hökuməti tərəfindən İnsan Təhlükəsizliyinin Artırılması üçün Beynəlxalq İnam Fondu vasitəsilə maliyyələşdirilir:

"Bu layihənin məqsədi Azərbaycanın minalardan daha çox zərər çəkmiş rayonlarında yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləmək üçün alətlər təqdim etməklə kiçik biznesin yaradılması mexanizminə maddi vəsaiti təmin etməkdən ibarətdir. Bu layihə yoxsulluğun azaldılması (ailə gəlirinin artırılması), gender bərabərliyi (qadınların kişilərlə bərabər bütün layihə fəaliyyətlərində iştirakını təmin etmək), uşaqların müdafiəsi və sağlamlığı (mina qurbanlarının ailələrində adətən 2-3 uşaq olur) kimi bir neçə əsas sektoru əhatə etmək potensialına malikdir; ailə gəlirinin artması onlar üçün səhiyyə, təhsil, qidalanma və s. kimi daha yaxşı imkanlara səbəb olacaq, özəl sektorun və kiçik biznesin inkişafı və icmalarda iş yerlərinin yaradılmasına gətirib çıxaracaqdır".

Qeyd edək ki, layihə Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında həyata keçiriləcək.

 

Pərvanə Fərhadqızı