13 noyabr 2026-cı il tarixində Gəncliyə Yardım Fondunda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə şair Brilyant Atəşin “Keçmişdən sabaha yol kəlağayı” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq qonaqları salamlayıb. O, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin hər kəsin mənəvi borcu olduğunu bildirib. Güllü Eldar Tomarlı qeyd edib ki, “Keçmişdən sabaha yol kəlağayı” müəllifin sayca beşinci kitabıdır. O, kəlağayının təbliği istiqamətində keçirilən silsilə tədbirlərin milli irsimizin daha geniş tanıdılmasına xidmət etdiyini vurğulayıb.
Daha sonra Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir şair Lalə İsmayılın aparıcılığı ilə davam edib. O, kəlağayı haqqında yazdığı şeirləri səsləndirib.
Kitabın redaktoru, tanınmış yazıçı Vaqif Osmanlı çıxış edərək Brilyant Atəşin yaradıcılığından, kitabın ideyasından və kəlağayının xalqımızın tarixində tutduğu mühüm yerdən danışıb.
Şəhid Zaur İsmayılzadənin anası, qazi Sevil Hüseynova çıxışında milli-mənəvi dəyərlərimizin qorunmasının şəhidlərimizin bizə əmanəti olduğunu vurğulayıb. O, bu cür tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verdiyini bildirib.
Tədbirdə şairlər Səringül Sadə, Qulu Xaləddinoğlu, Qəzənfər Məsimoğlu, Könül İbrahimsoy, Əzizə Ağahüseynqızı, Nargilə Yusifqızı, aşıq Həqiqət Gədəbəyli, Nemət Turan, məclisin idarə heyətinin üzvü Səyalı Dadaşova, Yeganə Cəfərova və İlhamə Orucova çıxış ediblər. Onlar milli dəyərlərimiz, kəlağayının tarixi və mənəvi əhəmiyyəti haqqında fikirlərini bölüşüb, Vətənə, milli irsə və Azərbaycan qadınına həsr olunmuş şeirlər səsləndiriblər.
Daha sonra söz kitabın müəllifi Brilyant Atəşə verilib. O, təqdimat mərasiminin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq deyib:
“Bu gün mənim üçün böyük sevinc və qürur günüdür. Bu təqdimat təkcə kitabımın oxucularla görüşü deyil, həm də uzun illər birgə yol gəldiyim qələm dostlarımla, dəyərli ziyalılarımızla növbəti görüşdür. Mən uzun illərdir ki, Güllü Eldar Tomarlı ilə birlikdə Azərbaycanın milli sərvəti olan kəlağayının təbliği istiqamətində fəaliyyət göstərirəm. Bu illər ərzində Şuşada, Gəncədə, Sumqayıtda, Tovuzda, Naftalanda, Qazaxda, Gədəbəydə, Şamaxıda, Şəkidə, İsmayıllıda, Basqal qəsəbəsində, eləcə də ali təhsil müəssisələrində keçirilən kəlağayı festivallarında, sərgilərdə və müxtəlif maarifləndirici tədbirlərdə iştirak etmişəm.
“Keçmişdən sabaha yol kəlağayı” kitabım kəlağayıya həsr etdiyim şeirlərin toplusudur. Bu şeirlərdə xalqımızın milli ruhunu, ana nəsihətini, Azərbaycan qadınının ləyaqətini və kəlağayının mənəvi dəyərini tərənnüm etməyə çalışmışam. Arzum budur ki, gələcək nəsillər milli-mənəvi dəyərlərimizi dərindən tanısın, xüsusilə gənc qızlarımız kəlağayının tarixini, fəlsəfəsini və müqəddəsliyini öyrənsin, onu sevə-sevə yaşatsınlar. Çünki kəlağayı sadəcə bir baş örtüyü deyil – o, xalqımızın tarixidir, mədəniyyətidir, kimliyidir və nəsildən-nəslə ötürülən mənəvi irsidir. Bu irsi qorumaq və yaşatmaq hər birimizin vətəndaşlıq borcudur”.
Tədbir çərçivəsində Kəlağayı Ev Muzeyinin qədim və müasir kəlağayılarından ibarət sərgi təşkil olunub. Həmçinin birliyin təşəbbüsü ilə nəşr olunan kəlağayıya həsr edilmiş 12 kitab nümayiş etdirilib. Sərgidə Azərbaycanın müxtəlif bölgələrinin kəlağayıçılıq ənənələrini əks etdirən nadir nümunələr təqdim olunub.
Qeyd edilib ki, kəlağayı 2014-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu hadisə xalqımızın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verib.
Sonda Lalə İsmayıl təqdimat mərasiminin 26 noyabr – Azərbaycan Kəlağayı Bayramı münasibətilə keçirilən silsilə tədbirlərin növbəti mərhələsi olduğunu vurğulayıb. Bildirilib ki, silsilə tədbirlər Kəlağayı Bayramınadək davam edəcək.
Silsilə tədbirlər 26 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçiriləcək “Kəlağayı Bayramı” ilə yekunlaşacaq.










